Təbrizdə elektrik kəsintisinin günlük cədvəli yayımlanır
İranın bir neçə vilayəti, o cümlədən Şərqi Azərbaycanın mərkəzi Təbrizdə ard-arda elektrik kəsintiləri baş verdiyi üçün günlük elektrik kəsinti cədvəlini yayımlanıb.
Təbriz Elektrik Dağıtım Şirkəti elektrik kəsintilərinin çoxalmasının ardınca bir proqram yayımlayaraq, Təbrizin müxtəlif məhəllələrində günlük elektriyin kəsiləcəyi zamanları müəyyənləşdirib.
Ölkə bütövündə elektrik ehtiyacını təmin etməkdə problemlə üzləşən elektrik dağıtım şirkətləri İran Azərbaycanının digər vilayətləri, o cümlədən Zəncan, Ərdəbil və Qərbi Azərbaycanda günlük elektrik kəsintisi üçün zamanlı cədvəl yayımlayır.
İranda elektrik kəsintiləri hər il baş verir, ancaq bu il yay mövsümündən öncə kəsintilərin başlaması mübahisəyə səbəb olub. İranın Enerji Nazirliyi bu haqda ölkənin müxtəlif bölgələrində kriptovalyuta mayninqi cihazlarının fəaliyyətinin həddindən artıq elektrik istifadəsinə səbəb olduğunu və kəsintilərin bu üzdən baş verdiyini irəli sürüb. Ruhaninin enerji naziri Kəşfiyyat Nazirliyindən qanunsuz kriptovalyuta mayninqinin qarşısını almaq üçün Enerji Nazirliyi ilə koordinasiyalı işbirliyi etməsini istəyib.
Ruhani kabinet iclasında sentyabr ayının sonuna qədər qanuni kriptovalyuta mayniniqini belə qadağan və qanunsuz elan edib.
Ruhani dövlətinin Təbrizdəki valisi də əvvəlki illərə görə elektrik istehlakının çoxaldığını irəli sürərək Azərbaycan Regional Elektrik Şirkətindən bunun səbəbini araşdırmasını tələb edib. O, pandemiya səbəbindən dolayı son aylarda sənayenin aşağı gücdə işlədiyini irəli sürərək “elektrik probleminin buna əlavə olmasının qarşısı alınmalıdır” deyib.
İran Azərbaycanında və ölkənin digər böyük şəhərlərində elektrik kəsintiləri pandemiya ilə bağlı məhdudiyyətlərdən sonra vətəndaşların iş yerlərində daha aktiv işləmək ümidini zədələyib.
Ruhani hökuməti yetərli qədər yeni elektrik stansiyaları inşa etmədiyi və bərpa olunan enerji infrastrukturu layihələri həyata keçirmədiyinə görə tənqid olunur. İran Parlamentinin Enerji Komissiyasının üzvü Hadi Beyginejad “yeni elektrik stansiyasının tikintisi, mövcud elektrik stansiyalarının iş gücünün artırılması və elektrik şəbəkəsində itkinin azaldılması üçün şəbəkənin yeniləndirilməsi” kimi həll yolları təklif edib.
İranın ağır quraqlıq şəraitində olduğu və bəndlərdə su səviyyəsinin xeyli şəkildə azaldığı və elektrik istehsalının da azaldığı bildirilir. Təbriz Elektrik Dağıtım Şirkətinin direktoru Adil Kazımi bu il yay mövsümünə girmədən elektrik kəsintilərin başlamasına əvvəlki dövrlərə nisbətən yağışda 35 faiz azalmasının və bənd su anbarlarında su səviyyəsinin azalmasının səbəb olduğunu bildirib.
VOA