Təbriz və Urmiyədə Ramazanda çörəyin bahalaşması narazılığa səbəb olub
İran Azərbaycanının ən böyük iki şəhəri – Təbriz və Urmiyədə çörəyin Ramazan ayının başlanması ilə bərabər bahalaşması narazılığa səbəb olub.
Yarı-rəsmi Mehr agentliyi bəzi çörəkçilərin qiymətləri özbaşına qaldırdığını yazıb.
“Təbrizdə çörəyin bahalaşmasına dair hələ bir xəbər eşidilməyib. Lakin buna baxmayaraq, bəzi çörəkçilərin çörəyin qiymətini özbaşına qaldırması və çörəkxanaların ara-sıra qapalı olması əhali arasında narazılığa səbəb olub,” Mehr agentliyi bildirib.
Agentliyin xəbərinə görə, “çörəyin qiymətinin sabit olmaması və bəzi çörəkçilərin un kvotalarını azad bazarda satması hazırda Təbrizin qarşı-qarşıya olduğu problemlərdən biridir.”
Urmiyədə isə Çörəkçilər İttifaqının sədri Allahverdi Həsənzadə bəzi çörəkçilərdə çörəyin qiymətinin qalxdığını təsdiq edib.
“Urmiyədə çörəyi təsdiq olunmuş tarifdən daha bahaya satan çörəkçilər qanunu pozurlar. Onlarla bağlı lazımi tədbir görüləcək,” Həsənzadə söyləyib.