Təbriz millət vəkili: Dövlət qurumları ali rəhbərin “yeni il şüarını” həyata keçirməkdə problem yaşayacaq
İran İslam Respublikasının ali rəhbəri Seyyid Əli Xameneyi Novruz Bayramı nitqində 1401-ci hicri ilini “məşğulluq yaradan elm əsaslı istehsal ili” adlandırıb. Təbriz millət vəkili Məsud Pezeşkiyan dövlətin bu şüarı həyata keçirməkdə problem yaşayacağını deyir.
Yarı-rəsmi İLNA agentliyinə danışan islahatçı vəkil “baxışlar dəyişmədikcə elm, məşğulluq və innovasiya sahəsində diqqətəlayiq bir dəyişikliyin olmayacağını” ifadə edib.
“Məclis və dövlətin qərarları qeyri-elmidir. Məşğulluq, innovasiya və elm sahəsində bir şeylərin dəyişməsi üçün baxışlar dəyişilməlidir. Baxışlar dəyişmədikcə diqqətəlayiq bir şey baş verməyəcək,” tanınmış siyasətçi söyləyib.
O, dövlət orqanlarının rəhbərin “məşğulluq yaradan elm əsaslı istehsal ili” şüarını həyata keçirməkdə problem yaşayacağını vurğulayıb. “Bu şüar ümumilikdə elmi inkişaf və elm vasitəsilə məşğulluq yaratmaq perspektivi ilə ortaya qoyulub. Lakin, məsulların bunu həyata keçirməkdə problem yaşayacağını düşünürəm. Çünki, verilən qərarlar universitetlərin işini çətinləşdirir.”
Pezeşkiyan bir çox universitet professorunun pensiyaya çıxmaq və ya ölkəni tərk etmək istədiyini önə çəkərək deyib ki, “bilənlə bilməyənin, anlayanla anlamayanın alim ilə qeyri-alimin bərabər hesab edildiyi bir ölkədə heç kimdə çalışmaq üçün motivasiya olmaz.”
Millət vəkili həmçinin iqtisadi vəziyyətə və əhalinin məişət şəraitinə diqqət çəkib.
“Bu qanunu yazan ağalar inqilabçıdırlarsa və doğru deyirlərsə, özləri gəlib xalq üçün sərdikləri süfrəyə otursunlar. Gedib dövlət qurumlarından xidmət almağa çalışsınlar. Dərman üçün növbəyə dursunlar ki, həkimlərin məhəl qoymadığını görsünlər. O zaman qanunu necə yazacaqlarını bilərlər,” Məsud Pezeşkiyan əlavə edib.