Təbriz, Ərdəbil və Qəzvində edamlar baş verib
Keçən bir neçə gün ərzində İranın müxtəlif həbsxanalarında edam hökmləri icra edilib. Hüquq müdafiəçiləri yanvarın 14 və 15-də Təbriz, Qəzvin və Ərdəbil həbsxanalarında ən az dörd nəfərin dar ağacından asıldığına dair məlumat yayıb.
İran İnsan Haqları Təşkilatına (İRAN HR) istinadən, narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məkum olmuş Şəmsəddin Süleymaninin hökmü yanvarın 15-də səhər saatlarında Qəzvin Mərkəzi həbsxanasında icra edilib.
Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərindən olan Şəmsəddin Süleymani, İran HR-ın yaydığı məlumata görə, “narkotik malların tapıldığı yük maşınının sürcüsü idi və malların başqasına aid olduğunu məhkəməyə bildirmişdi.”
Ərdəbil həbsxanasında isə Mehdi və Məhərrəm Feyzi qardaşlarının edam hökmü yanvarın 14-də tətbiq edilib. İran HR-ın bildirdiyinə görə, səhər saatlarında dar ağacından asılan qardaşlar bir neçə il əvvəl qətl ittihamı ilə edam cəzasına məhkum edilmişdilər.
Çərşənbə günü Təbriz Mərkəzi həbsxanasında da bir edam hökmü icra edilib. “HRA” agentliyi edam edilən şəxsin adını Sabir Xoşkar olduğunu açıqlayıb. Xoşkar da qətl ittihamı ilə əlaqədar ölüm cəzasına məhkum edilmişdi.