Təbrizli deputat namizədlərin diskvalifikasiya edilməsini tənqid edib
İran parlamentindəki təbrizli millət vəkili Məsud Pezeşkiyan Keşikçilər Şurasının bir çox tanınmış siyasətçinin, o cümlədən onun özünün namizədliyini diskvalifikasiya etməsi və prezidentlyə namizədlərin xalqa verdikləri vədlərlə bağlı tənqidlər yağdırıb.
İRNA xəbər agentliyinə danışan Təbrizin islahatçı deputatı Pezeşkiyan, İran televiziyasında yayımlanan prezidentliyə namizədlərin debatlarında xalqa verdikləri vədləri tənqid edib.
O, deyib ki, namizədlər elə vədlər verməlidirlər ki, prezident seçildikləri təqdirdə, vədləri yerinə yetirə bilsinlər. İranın sabiq islahatçı prezidenti Məhəmməd Xatəminin dövründə səhiyyə naziri olan Pezeşkiyanın namizədliyi keşikçilər Şurası tərəfindən təsdiqlənməyib.
Təbrizli deputat müsahibəsində Keşikçilər Şurasının namizədləri diskvalifikasiya etməsini tənqid edərək, bu şura tərəfindən tənzimlənmiş namizəd siyahısının xalqı səsvermə sandıqlarına gətirə bilməyəcəyini ifadə edib. O, deyib ki, “seçki zamanı maksimum iştirak olmadıqda, qarşı tərəf [fundamentalistlər] müəyyən bir səsə sahib olacaq və bu səslə rəqabətdə qalib gələ bilər.” Pezeşkiyan düşünür ki, Əbdülnasir Himməti və Möhsün Mehrəlizadə islahatçılar və xalq tərəfindən dəstəklənməyəcəklər.
Pezeşkiyan namizədlərin verdiyi vədləri tənqid edərək, “Bir namizəd ölkədəki işsizlik problemini həll edəcəyini deyir, amma bu problemin hansı mənbələr və üsullarla həll etmək istədiyi aydın deyil. Başqa bir namizəd bölgədəki ölkələrlə münasibətləri inkişaf etdirmək istədiyini söyləyir. Bölgə ölkələri sizi dinləyir, yoxsa Amerikanı? İranla 1 milyard dollar, ABŞ ilə 100 milyard dollar ticarət həcmi olan bir ölkə, sizinlə münasibətləri necə inkişaf etdirmək istəyər?” -deyə İranlı deputat sual edib.
İran Parlamentinin birinci sədr müavini, ölkədə siyasi qüdrəti paylaşmaq üçün hakimiyyətin sol və sağ, dindar və dindar olmayanlara ədalətli şəkildə dağıdılmalı olduğunu irəli sürüb. O, Keşikçilər Şurasının namizədləri diskvalifikasiya etməkdə heç bir müəyyən parametr və meyarlara əsaslanmadığını söyləyib, şuranın subyektiv yanaşdığını və haqq-ədalətə söykənmədiyini irəli sürüb.
Təbrizli millətvəkili Pezeşkiyan namizədliyi təsdiqlənmədikdən sonra parlamentdə çıxış edərək Keşikçilər Şurasının qərarını sərt tənqid etmişdi. Məsud Pezeşkiyan demişdi ki, “Xalqımız bizim haqda yaxşı sözlər danışmır. Biz təqsirliyik. Rəftar və baxışımıza düzəliş verməliyik, yoxsa bu ölkə təhlükə ilə qarşı-qarşıya qalacaq.”
O həmçinin çıxışında demişdi ki, “Bizim yaşadığımız icmada siyasət, iqtisadiyyat, mədəniyyət və etnik zəmində ədaltsizlik mövcuddur və bu da təkzibedilməzdir. Mən əgər Kürdistanda və ya Bəluçistanda dünyaya gəlsəm ən yaxşı və istedadlı insan da olsam siyasət sahəsində yer ala bilməyəcəyəm.”
VOA