Təbrizdə metro qazıntıları əsnasında tarixi məzarlıq aşkarlanıb
Təbriz metro layihəsinin qazıntıları əsnasında yerin altında ortaya çıxan sümüklərin insana aid olduğu bildirilib.
İLNA xəbər agentliyi aşkarlanan sümüklərin insana və həmin yerin Qacar dövrünə aid bir məzarlıq olduğu söylənən bu məkanda metro layihəsinin qazıntı işlərinin dayandırıldığını yazıb. Ancaq Təbriz metro təşkilatının müdirlərindən olan Rza Zair Mədəni İrs Təşkilatı ilə koordinasiya edilmiş bir şəkildə Qonqa stansiyasının tikinti işlərinin ciddi şəkildə aparıldığını bildirib.
Şərqi Azərbaycan Mədəni İrs Həvəskarları Birliyi Dərnəyinin direktoru Əhəd-Nejad İbrahimi Gülüstan bağı ətrafında aparılan qazıntılarda sümüklərin tapılacağının öncədən təxmin edildiyini, bu məhəllənin köhnə Təbriz şəhərinin tikililəri üzərində olduğunu qeyd edib.
Onun sözlərinə görə, sümüklərin aşkarlandığı yer Təbrizin ən qədim məhəllələrindən olan Gəcil məhəlləsinin Məqbərətülürəfa adlı məzarlığıdır. Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Şərqi Azərbaycan Mədəni İrs İdarəsinin direktoru Əhməd Həmzehzadə deyib ki, “Bu cür qədim artefaktlar əsasən İslamdan əvvəlki məzarlarda rast gəlinir. İslamın orta əsrlərindən başlayaraq Qacar dövrünə qədər insanlar bu məzarlıqda dəfn edildiyi üçün, bu məzarlarda heç bir şey tapıla bilməz, çünki İslam dövründə məzarların içərisinə heç bir şey qoyulmur.”
Təbriz Karikatura Muzeyinin qurucusu, karikaturaçı Rəhim Baqqal Əsgəri bu hadisə ilə bağlı çəkdiyi bir karikaturanı öz İnstagram səhifəsindən paylaşaraq, Təbrizdə bir çox tarixi məkanların təxrib olunduğunu və Ariflər Məqbərəsinin Pəhləvilər tərəfindən məhv edildiyini yazıb.
Təbrizin Metro layihəsinin qazıntılarında birinci dəfə deyil ki, köhnə şəhərin hissələri aşkarlanır. Keçən il də Təbrizin köhnə məhəllələrinin birində aparılan qazıntı əsnasında qədim şəhərin bir hissəsi tapılmışdı.VOA