Təbriz həbsxanasında siyasi fəal Ruzbeh Pirinin səhhətinin pisləşdiyi bildirilir
Keçən fevral ayından bəri Təbrizin mərkəzi həbsxanasında 3 il 8 aylıq həbs cəzasını çəkməkdə olan Ruzbeh Pirinin səhhətinin pisləşdiyi və xəstəxana xaricində müalicəyə ehtiyacı olduğu bildirir.
Məhbusun ailəsi onun sağlamlığının uzun müddətdir əziyyət çəkdiyi mədə-bağırsaq xəstəliyi (kron) üzündən təhlükədə olduğunu açıqlayıblar.
Ailə üzvlərinin bildirdiyinə görə, Ruzbeh Piri bu yaxınlarda vəziyyətinin ağırlaşması ilə öncə həbsxananın klinikasına göndərilib, sonra da həbsxana xaricində mütəxəssis həkimə göstərilib.
Milli fəalın sağlığının ağır vəziyyətdə olduğuna dair xəbərlərin yayılmasından sonra sosial şəbəkələrdə çox sayda istifadəçi məhbusun müalicə məzuniyyətinə gönədrilməsini tələb edirlər.
Güney Azərbaycan Televiziyası (Günaz TV) məhbusun ailəsinə istinadən yazıb ki, “mütəxəssis həkim cənab Pirinin mədə xəstəliyinin pisləşdiyini və xəstəliyin sağalmaz bir vəziyyətə keçməməsi üçün onun həkim nəzarətində müntəzəm şəkildə müayinə edilməli və düzgün qidalanmalı olduğunu vurğulayıb”.
Piri ailəsinin bildirdiyinə görə, rəsmilər fəala müalicə məzuniyyəti verməkdən imtina edirlər.
Ruzbeh Piri keçən fevral ayının 12-dən bəri Təbrizin mərkəzi həbsxanasında saxlanılır. Türk fəal “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” və “nizama müxalif qruplaşmalara üzv olmaq” ittihamları ilə mühakimə edilib.
Ruzbeh Piri və qardaşı Yaşar daha əvvəl də fəaliyyətləri səbəbilə dəfələrlə həbs, mühakimə və işgəncəyə məruz qalıblar.