Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində 10 ayda 58 uşaq evləndirilib
İranın Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində 1400-cü Hicri ilinin ilk 10 ayında yaşı 14-ə çatmamış 58 uşaq evləndirilib.
150,000-dən az əhalisi olan Şəbistər şəhərinin Rifah İdarəsinin müdiri Əhəd Nərimani bu haqda yarı-rəsmi Mehr agentliyinə məlumat verib. O, uşaq evliliyinin getdikcə artdığını söyləyib.
Nərimaninin açıqladığı məlumata əsasən, 1400-cü Hicrinin ilinin ilk 10 ayında şəhərdə qeydiyyata alınan nikahların 43 faizi 19-dan aşağı yaşlarda baş verib.
Rifah İdarəsi müdiri Şəbistərdə həmçinin intihar hallarının narahatedici bir şəkildə artdığını qeyd edib. O, iqtisadi səbəblər və təşviş kimi amillərin intihara yol açdığını bildirib.
İranda erkən yaşda nikah halları dövlət qurumlarının dəstəyi və təşviqi ilə getdikcə artmaqdadır. Rəsmi statistik məlumatlara görə, ölkədə hər il on minlərlə yaşı 14-dən aşağı və yüzlərlə yaşı 10-dan aşağı uşaq nikahı qeyd edilir.
İranda uşaq nikahları İran Azərbaycanı başda olmaqla əsasən etnik azlıqların məskunlaşdıqları vilayətlərdə baş verir.