Sulduz şəhərinin merinin videosu təpkilərə səbəb olub
Ötən günlərdə Sulduz (Nəğədə) şəhərinin meri ilə bağlı sosial mediada yayılan videoya vətəndaşlar və rəsmilər tərəfindən reaksiyalar davam edir.
Sosial mediada yayılan video görüntülərdə Sulduz şəhərinin sakinlərindən olan iki qardaşın Sulduzun bələdiyyə binasında şəhər meri Mənuçehr Şakirə borclarını tələb etmək məqsədi ilə müraciət etdikləri müşahidə olunur. Sulduzlu iki vətəndaşın borclarını tələb etdikdən sonra Şakir hirslənib otağının qapısını bağlayaraq, borclarını istəyən şəxslərə hücum edib, onları döyür və təhlükəsizlik məmurlarını otağına çağırır.
Videoda Şakirin merin otağına gedən iki vətəndaşdan onlara nədən buraya gəldiklərini soruşduğu və vətəndaşlardan birinin binanın millətə aid olduğunu söylədiyi nümayiş etdirilir.
İlk dəfə Günaz TV-nin Telegram kanalında yayımlanan bu video sürətlə sosial mediada yayılaraq rəsmi xəbər agentlikləri tərəfindən də əks etdirildi. İran Azərbaycanında xüsusilə Sulduz vətəndaşları tərəfindən reaksiyalara səbəb olan videoya Mənuçehr Şakir cavab verib.
İLNA xəbər agentliyinin məlumatına əsasən, Şakir videonun neçə il öncəyə aid olduğunu bildirərək, onun düşmənləri tərəfindən yayıldığını deyib. O həmçinin bu videoda göstərilən hadisənin Sulduzda deyil, Urmiyənin valilik binasında baş verdiyini bildirib.
Əhali sosial mediada Sulduzun İran parlamentindəki deputatı Əli Zəncanini hadisə ilə bağlı mövqe bildirməyə dəvət edib. Üç gün susub mövqe bildirməkdən yayınan deputat sonunda öz İnstagram səhifəsində açıqlamasında baş verən hadisə haqqında öz fikirlərini paylaşıb. Zəncani deyib: “Şakir şəhərin öncəki deputatının israr etməsi nəticəsində vilayət valisi tərəfindən təyin edilmişdir və mən onun rəhbərliyinə inanmıram.” Deputat həmçinin bildirib ki bu mövzu ilə əlaqədar qarşıdakı həftələrin birində İranın Daxili işləri naziri ilə görüşəcək.
Son zamanlarda iki vətəndaşa qarşı şiddət göstərilən videonun yayılması şəhər merinə tənqidlərin daha da artmasına gətirib çıxarıb. Daha öncə də Sulduz şəhər merinin bəzi məsələlərlə bağlı tutduğu mövqe vətəndaşların və milli fəalların narahatlığına səbəb olmuşdu.
Bundan əvvəl şəhərin girişində rəsmi olaraq Nəğədə adlandırılan, lakin bələdiyyə tərəfindən tarixi və qədim adı Sulduz olan yazı ilə bərpa olan konstruksiyanın qaldırılmasına əmr edən Mənuçehr Şakir bir çox vətəndaşın təpkisi ilə üzləşmişdi. O, şəhər əhalisinin aksiya və etirazları nəticəsində tutduğu mövqedən geri addım atmağa məcbur olmuşdu.
VOA