Süheyla Əzizi: Qadınların Urmiyə gölü üçün fəallığı onların toplumun bütün məsələlərinə diqqət yetirdiyini göstərir
“İranda və məxsusən Güneydə Nasirəddin şah Qacar dövründən bizdə Avropa ilə birlikdə bir feminist hərəkəti ayaq tutur. Amma təəssüf ki, Rza Xanın çevrilişindən sonra qurulan diktator hakimiyyəti dövründə, bərabər hüquq qanunu ilə deyil, sadəcə kəşfi hicab (hicab açma) ilə bunu dəstəkləyir. Baxmayaraq ki, İran o dönəm çox məzhəbi və ənənəvi bir toplum idi. O toplumda gətirir zorla qadınların başından çadranı götürür. O da səbəb olur ki, qadınlar daha artıq evlərdə həbs olunsun”, o, Pəhləvilər dönəmindən bəri İran dövlətlərinin hicab siyasətinə diqqət çəkərək deyib.
Süheyla Əzizi İslam Respublikası dönəmində isə fərdi azadlıqların pozulmasının qadınların məhdudlaşdırılması ilə başlandığını vurğulayıb.
“İslam Cümhuriyyətindən sonra da gəldilər dedilər ki, qadınlar gərək baş örtüsü və çadra taxsınlar. Bunun qanunlaşdırılması qadınlara qarşı birinci sıxışdırma idi. Bir sıra qadınlar küçəyə çıxıb aksiya keçirdilər. Amma, təəssüf ki, sol partiyalar, yəni onlar ki, məsələn toplumun elitləri idi, dedilər ki, bu qadınlar imperializmə və şahın sarayına yaxın qadınlardır. Gəlib himayə etmədilər. Halbuki, İranda fərdi azadlıqların pozulması elə orada başladı ki, toplumun 50 faizinin başına qapaz vurdular”, o bildirib.
Süheyla Əzizi İslam Respublikasının daha sonra şəriət qanunlarını daha da gücləndirdiyini qeyd edib.
“O cümlədən, qadın irsdə yarı hüquq aparır. Diyəsi (təzminatı) kişinin yarısı olur. Xaricə səfər etsə kişinin icazəsini almalıdır. Hər bir yerə getsə kişinin, yəni, ərinin və ya dədəsinin icazəsi olmalıdır. Əslində qadını kişinin mülkiyyətinə keçiriblər… Yəni, bizdə qadınlar 90 ildir ki, hələ öz bədəninə görə özü qərar verə bilməyib. Bu da səbəb olub ki, bugün o qədər ziddiyyət və paradoks yaşanır ki, qadınların böyük bir kəsimi məsələnin zahiri ilə məşğuldur, bunun yerinə ki, bərabər hüquqluğa fikirləşə. Bu özü böyük bir zərbədir”, o deyib.
Süheyla Əzizi İslam Respublikası dönəmində qadınlara təqsirkar kimi baxıldığını bildirib.
“44 ildir bunlar toplumda qadınlara bir təqsirkar kimi baxıblar. Sanki qadınlar dünyaya gəldikləri üçün xətakardırlar və küçəyə çıxanda gərək çox diqqət etsinlər ki, kişilər xətaya düşməsin. Bu, bu sistemin ideologiyasıdır,” siyasi fəal qeyd edib.
Süheyla Əzizi bu yaxınlarda Təbrizdə qadınlar tərəfindən Urmiyə gölündə durumla bağlı təşkil edilən aksiyaya toxunaraq, qadınların ətraf mühit də daxil olmaqla, mövcud problemlərlə bağlı mövqelərini ifadə etdiyinə diqqət çəkib.
“Bu qadınlar göstərir ki, biz yalnız hicab məsələsində deyilik, toplumun tam içindəyik, hər şey bizə təsir edir. O cümlədən, çevrə məsələsi ki, ən önəmli məsələdir, yəni bizim həyatımız ona bağlıdır. Ona görə, qadınlarımız belə cəsarətlə çıxdılar küçəyə və öz etirazlarını bildirdilər”, o bildirib.