Son günlər İranda koronavirusa yoluxma halları artıb
Son 24 saat ərzində İranda koronavirusa 2111 yoluxma halı aşkar edilib, 62 nəfər isə ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 124 min 603 nəfərə, ölənlərin sayı isə 7 min 119-a çatıb.
Xüsusi rejimli xəstəxanalarda müalicə alan 97 min 173 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində müalicə olunan 2 min 698 nəfərin vəziyyəti ağırdır.
Qeyd etmək lazımdır ki, ötən son günlər İranda koronavirusa yoluxma halları artır ki, bunu da yerli mətbuat yoluxmanın ikinci dalğası adlandırır.
Yoluxma hallarının artmasına baxmayaraq ali məktəblər istisna olmaqla təhsil müəssisləri fəaliyyətlərini bərpa edib.