Siyasi məhbus Əkbər Nəiminin səhhəti yaxşı deyil
Tehranda fəaliyyət göstərən hüquq müdafiəçisi və siyasi məhbus Əkbər Nəiminin həbsxanada səhhətinin pisləşdiyi bildirilir.
Siyasi Məhbusun qardaşı Abbas Nəiminin Instagram səhifəsində paylaşdığı məlumata görə, Əkbər Nəimi 10 aydır diş ağrısından əziyyət çəkməsinə baxmayaraq müalicə olunmayıb.
O bildirib ki, 10 aydan sonra, iyunun 8-də həbsxananın sağlamlıq mərkəzində hüquq müdafiəçisinin diş kökü kanalı müalicə edilmədən, dişinə plomb qoyulub. Bu natamam və diqqətsiz müalicə nəticəsində siyasi məhbusun diş ağrısı artıb.
“Plomb qoyulan andan ağrı dişdən qulağına, gözünə, başına yayılıb. Ağrı, ağrı üstünə artıb. Özü demədən ağrını hiss etmək olur, heyf ki, əlimdən bu ağrını aradan qaldıra bilmək üçün bir iş gəlmir” -deyə, Abbas Nəimi yazıb.
Hüquq müdafiəçiləri siyasi məhbusun yaxınlarına istinadən məlumat veriblər ki, Əkbər Nəiminin vəkili məhbusun işi ilə əlaqədar Ali Məhkəməyə şikayət edib.
Azərbaycanlı milli fəal Əkbər Nəimi ötən ilin iyunun 19-da həbs edilərək Tehranın Evin həbsxanasına köçürüldükdən bəri məhkum olduğu 9 il 8 ay həbs cəzasını çəkməkdədir.
Əslən Qərbi Azərbaycanın Xoy şəhərindən olan və Tehranda yaşayan azərbaycanlı fəalın “qanunsuz qrupa üzv olmaq,” “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimə müxalif qrupların lehinə təbliğat aparmaq” ittihamlarından müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edildiyi bildirilir. İlkin məhkəmənin hökmü Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Dinc fəaliyyətləri ilə tanınan siyasi məhbus Əkbər Nəimi daha öncə İran rəsmiləri tərəfindən qapadılan “Günəbaxan” mədəniyyət mərkəzinin qurucularındandır.