Siyasi fəal Məhəmməd Eyni İranın ümumi və inqilab prokurorluğuna çağırılıb
İranın Rəşt şəhərində yaşayan siyasi fəal Məhəmməd Eyni ittihamlara qarşı özünü müdafiə etmək üçün prokurorluğa çağırılıb.
Aznews TV-nin yaydığı xəbərə əsasən, onlayn çağırış may ayının 27-də türk fəala göndərilib.
Eynidən özünü “İslam Respublikası nizamının əleyhinə təbliğat” ittihamına qarşı müdafiə etmək üçün 5 gün ərzində Rəşt şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə müraciət etməsi tələb edilib.
Çağırış mətnində yazılıb ki, “beləcə, sizə bildirilir ki, müəyyən olunmuş möhlət ərzində şöbəyə müraciət etməlisiniz. Müraciət etmədiyiniz təqdirdə qanunlara uyğun ölçü götürülüb və saxlanma qərarı çıxarılacaq”.
Məhəmməd Eyni daha öncə də fəaliyyətləri səbəbilə mühakimə olunub. O, 2022-ci ilin yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və təqribən 45 gün sorğu-sual edildikdən sonra Rəşt həbsxanasına köçürülmüşdü.
Siyasi fəal həbsxanada ikən 2 il 7 aylıq həbs cəzasına məhkum edildi. O, təqribən 8 ay həbsdən sonra həbs cəzasından qalan müddəti elektron qandalla keçirilməsinə qərar çıxarıldıqdan sonra həbsxanadan buraxıldı.
Məhəmməd Eyni, həmçinin 2020-ci ilin oktyabr ayında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınıb və bir müddət sonra mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı