İranın Rəşt şəhərində kəşfiyyat idarəsinə müraciət etdikdən sonra həbs edilən güneyli milli fəal Məhəmməd Eyninin həbs edildiyi tarixdən bir ay keçməsinə baxmayaraq vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.
Günaz TV saytının yaydığı məlumata görə, yanvarın 23-də İran hökumətinin Rəşt Şəhərindəki kəşfiyyat idarəsinə çağırılan milli fəal Məhəmməd Eyni bu idarəyə müraciət etdiyində nəzarət altına alınıb və o tarixdən bəri vəziyyəti ilə bağlı xəbərsizlik davam edir.
Məhəmməd Eyninin ailəsi fəalın vəziyyəti ilə bağlı Rəşt İnqilab Məhkəməsinə dəfələrlə müraciət etsələr də, rəsmilər tərəfindən onlara heç bir məlumat verilməyib.
Rəşt Şəhərindəki İran hökumətinin kəşfiyyat idarəsi tərəfindən Eyninin ailəsi fəal barədə medialara heç bir xəbər vermədiklərinə dair təhdid edilib.
Güneyli milli fəal Məhəmməd Eyni yanvarın 22-də öz İnstagram hesabında kəşfiyyat idarəsinə çağırıldığı haqda məlumat yaymışdı.
Rəşt şəhərinin sakini olan Məhəmməd Eyni daha öncə də apardığı mədəni fəaliyyətlərdən dolayı həbs edilib və mühakimə olunub. O, 2020-ci ilin oktyabrında Qarabağ müharibəsi əsnasında İran Azərbaycanında baş tutan Azərbaycan Respublikası və ordusuna dəstək məqsədli mitinqlərlə əlaqədar Rəşt şəhərində həbs edilmişdi.
Bu aksiyalarla bağlı “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi pozmaq” ittihamları ilə mühakimə olunan Məhəmməd Eyni məhkəmə tərəfindən bəraət hökmü qazanmışdı.