Sevil Süleymani: Etirazlardan sonra İranın hicab mövzusunda daha da aqressiv davranacağı gözlənilən idi
Son aylar İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb.
Sosioloq Sevil Süleymani Amerikanın Səsi ilə söhbətində İslam Cümhuriyyətinin məcburi hicabı tətbiq etməkdən heç zaman vaz keçməyəcəyini, vaz keçdiyi təqdirdə, bunun öz kimlik və varlığından vaz keçdiyi anlamına gələcəyini vurğulayır.
“İslam Cümhuriyyəti quruluşunda öz qüdrətini sabitləşdirmək və gücünü dünyaya göstərmək istədiyi zaman bunu hicab məsələsi ilə başladı. Fərqli olduğunu, bir islami hökümət olduğunu, hər şeyi bu hicabın, bu qara çadranın və örpəyin forması ilə dünyaya göstərməyə başladı. Onun üçün də bu hicab məsələsindən vaz keçmək İslam Cümhiyyəti üçün öz kimliyindən və öz var olmasından vaz keçməkdir. Yəni, hicab məsələsi bu hakimiyyət ayaq üstündə durana qədər onunla duracaq” , Süleymani deyir.
Onun sözlərinə görə, keçən ilin sentyabr ayında baş qaldıran geniş etirazlardan sonra məcburi hicabı öz varlığının əsası hesab edən İran hakimiyyətinin hicab mövzusunda daha da aqressiv davranacağı gözlənilən idi:
“O etirazlarda İslam Cümhuriyyətinin varlığı hicab məsələsi üzərindən sorğuya çəkilməyə başlamışdı və gözlənilirdi ki, etirazlar yavaşladığı zaman bir cür intiqama başlyacaq. Yəni, həm etirazçılara göz dağı vermək, həm də sonrakı bənzər etirazları da önləmək üçün. Ona görə, İslam Cümhuriyyətinin daha çox aqressivləşəcəyi gözlənilən idi. Çünki, o etirazlar hakimiyyəti qorxutdu ki, mənim kimliyim və mənim varlığım hədəf alınıb.”
Sevil Süleymaninin dediklərinə görə, İran hakimiyyətinin varlığının əsaslarından olan məcburi hicab məsələsi hakimiyyətə qarşı göstərilən mücadilənin də simvolu olub. Sosiloq müsahibədə məcburi hicab mövzusunun bir simvola çevrilməsinin gətirdiyi nəticələri şərh edib.
“Hicab qadın məsələsində və İslam Cümhuriyyəti ilə mücadilədə bir simvol seçilib. Bunun yaxşılığı odur ki, belə bir simgə seçiləndə bir çox insana çatır. Çox sayda insan bunu görür, anlayır və irtibat qurmağa başlayır. Amma bunun problemi də buradadır ki, populyarlaşdığı üçün məsələ dayazlaşmağa başlayır, dərinliyini itirir. Hicabın simvol olması səbəb olub ki, qadın məsələsi sadələşsin. Sanki qadın məsələsində İranın problemi sadəcə örpək və hicabdır”, Sevil Süleymani qeyd edir.
O əlavə edir ki, “hicabın simvol olmasının problemi budur ki, o biri problemlərin hamısını kölgəyə salıb. Artıq uşaq anaya çatacaq ya ataya, bunu kimsə danışmır. Qadınların yanında bir qəyyum və ya mühafiz olması artıq problem görünmür. Kəbin məsələsi, mal-mülk bölünməsi və hətta qadının məsələn məhkəmə sistemində adam sayılmaması, yarı-adam sayılması belə artıq problem görünmür. Bunlar problemdir, ancaq bununların danışıldığını və yazıldığını görmürük. Hamı sadəcə hicab məsələsindən danışır. Başqa problem də budur ki, bunun populyar olması və bir siyasi akta çevrilməsi səbəb olub ki, dünənə qədər feminizm və qadın məsələsini lağa qoyanlar belə bu gün ondan istifadə edib və siyasi söyləm yaratmağa çalışır.”