Şahin Xiyavlı: Türkiyə mediasında İrandakı türklərə diqqət çoxalıb
Son vaxtlar İran Azərbaycanında insan haqları durumu və ümumiyyətlə İranda türklərin məruz qaldığ basqılara dair xəbərlər Türkiyə mediasında daha çox yer almağa başlayıb.
Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə bunun qarşılıqlı olduğunu vurğulayır. “İranda insan haqları ilə bağlı xəbərlərin Türkiyə mediasında çıxması İrandakı türklərin də diqqət və marağını cəlb edir. Türkiyədəki media və jurnalistlər də bu diqqət və əlaqəni görür və dəyərləndirir” – deyə o bildirir.
Məsələn ‘Barış Pınarı’ əməliyyatında və başqa mövzularda İranda yaşayan türklərdən Türkiyəyə inanılmaz bir dəstək gəldi.
Xiyavlı 2019-cu ilin noyabr ayında Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatı zamanı Traktor komandası azarkeşlərinin Təbriz Stadionunda ‘əsgər salamı’ ilə Türkiyəyə dəstək nümayişlərinə diqqət çəkir və bu növ dəstəyin Türkiyə tərəfindən dəyərləndirildiyini qeyd edir.
“Türkiyədəki mediaya baxdığımızda dünyanın nəbzini orada tutmaq olar. Çox güclü və dinamik bir mediaya sahibdir. Son zamanlarda xüsusilə insan haqları kontekstində xəbərlər daha çox yayılır. Əslində keçmişdə də yayılırdı. Digər tərəfdən Güneydə milli hərəkatın da söyləmini və Türkiyəyə verdiyi dəstəyi görürük. Məsələn ‘Barış Pınarı’ əməliyyatında və başqa mövzularda İranda yaşayan türklərdən Türkiyəyə inanılmaz bir dəstək gəldi. Türkiyə də bunu dəyərləndirdi,” hüquq müdafiəçisi bildirir.
İnsanların fars mediasına artıq o qədər marağı yoxdur. Amma Türkiyə mediasına maraq çoxalıb. Bunu da Türkiyədəki media və jurnalistlər görürlər və hiss edirlər.
“Digər tərəfdən baxdığımızda Türkiyədə çıxan bu xəbərlər İranda yaşayan türklərin diqqət və marağını çəkir… Sosial mediaya da baxanda görürük ki, o mənəvi bağ vardır. İnsanların fars mediasına artıq o qədər marağı yoxdur. Amma, Türkiyə mediasına maraq çoxalıb. Bunu da Türkiyədəki media və jurnalistlər görürlər və hiss edirlər. Buna görə də xəbərlər son zamanlar daha çox yayılmağa başlayıb”, o əlavə edir.
Şahin Xiyavlı hesab edir ki, sistemli və davamlı fəaliyyətlə İran Azərbaycanı ilə bağlı xəbərlər Türkiyə mediasında daha geniş yer tapa bilər.
“Sistemli fəaliyyət olmalıdır. Amma indi bu fəaliyyətlər çox azdır. Sadəcə Türkiyə üçün deyil, ümumiyyətlə, İran Azərbaycanından olan türklərin durumu xaricdə hər hansı bir ölkədə belədir. Sən əgər yaşadığın ölkənin mediasında insan haqları ilə bağlı, siyasi məhbuslarımızla bağlı xəbərlərin yayılmasını istəyirsən, o ölkənin bəlli kodları vardır, onları bilmən lazimdir. Bu bütün ölkələrdə belədir. Ancaq, Türkiyədə artıq bu proses başlayıb. Doğrudur bizim keçmişdən sistemli çalışmamız yox idi, amma bundan sonra olmalıdır… Bu potensial vardır. Bu fəaliyyət fərdi səylərlə də ola bilər, bir qurum altında da yürüdüləbilər,” hüquq müdafiəçisi ifadə edir.
VOA