Şahin Xiyavlı: İran Azərbaycanındakı etiraz aksiyalarında tutulan fəallara kifayət qədər diqqət yetirilmir
Şahin Xiyavlı deyir ki, İran Azərbaycanında siyasi məhbuslar milli hərəkatın vazkeçilməz dəyərləridir və hərəkatın o dəyərləri müdafiə etməyə ehtiyacı var
Amerikanın Səsinə danışan hüquq müdafiəçisinin sözlərinə görə, fəallar məhbusların haqlarını müdafiə fəaliyyətinə yetərincə önəm vermirlər.
Biz sadəcə xəbərlə yetinməməliyik. Siyasi məhbusları uzun müddət gündəmdə tutmalıyıq. Onların fərdi hekayələrinə də diqqət yetirməliyik.
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər saxlanılıb. Tutulanların bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edəcək.
Şahin Xiyavlı Qarabağa dəstək mitinqlərinə qatılan vətəndaşların həbs və işgəncəni gözə aldıqlarını söyləyir:
“İşğaldan bugünə qədər Qarabağ məsələsi özünü (İran Azərbaycanında) bütün platformalarda göstərib. Türk fəallar da Qarabağ ilə bağlı həssasiyyətlərini hər zaman gündəmə gətirmişlər. O mitinqlərə qatılan insanlar da tutulma riskini gözə alır. Yəni, onlar həbs və mühakimə prosesləri, hətta işgəncə ilə qarşılaşacaqlarını bilərək mitinqə qatılır,” hüquq müdafiəçisi bildirir.
Xiyavlının fikrincə, xaricdə fəaliyyət göstərən milli fəallar və siyasi təşkilatlar mitinqləri gündəmə gətirdikləri qədər, mitinqlərdə nəzarət altına alınan insanları gündəmə gətirmirlər:
Qarabağa dəstək mitinqlərinə qatılan insanlar tutulma riskini gözə alır.
“Son etirazları nəzərə alsaq, bu etirazlar baş tutdu və siyasi təşkilatlarımız reklam mənasında bunu gündəmə gətirdilər. Ancaq, xaricdəkilər tutulan o siyasi fəallarımızı müdafiə edə bilmir. Baxırıq ki, sadəcə bir gün ya iki gün bu xəbərlər gedir və ondan sonra məhbusların məsələsi rəfə qaldırılır.”
Xiyavli əlavə edir ki, “biz sadəcə xəbərlə yetinməməliyik. Siyasi məhbusları uzun müddət gündəmdə tutmalıyıq. Onların fərdi hekayələrinə də diqqət yetirməliyik. Xəbərlər ilə bağlı da nöqsan var. Bu biraz da maarifləndirmə məsələsi ilə bağlıdır. Bu ki, bir xəbəri necə yazacaqsan, hansı formada yazacaqsan.”