Şahin Xiyavlı: İran Azərbaycanında məhkəmələr ölkənin öz qanunlarına da əməl etmir
Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə son həftələrdə İran Azərbaycanında türk fəallara qarşı artan məhkəmə və polis basqılarını dəyərləndirib.
Şahin Xiyavlının söylədiklərinə görə, milli fəalları mühakimə edən məhkəmələr nə beynəlxalq qaydalara, nə də İslam Respublikasının öz qanunlarına riayət edirlər.
Son vaxtlar xüsusilə Ərdəbil, Urmiyə və Təbriz şəhərlərində saxlanılan, habelə həbs və şallaq cəzasına məhkum edilən fəalların sayı artmağa başlayıb.
Bəzi fəalların şallaq hökmünün icra edilməsinə diqqət çəkən Xiyavlı deyir ki, İran İslam Respublikası qeyri-insani, aşağılayıcı və işgəncə mahiyyətində olan cəzaları yasaqlandıran beynəlxalq bəyannamələri qəbul edib, amma onlara riayət etmir.
“Türk aktivistlərə qarşı şallaq hökmü son zamanlar daha sıx görünməyə başladı. İran insan haqları üzrə beynəlxalq bəyannəmələri imzalayıb. Orada xüsusilə, işgəncə və qəddarcasına tətbiq edilən qeyri-insani və aşağılayıcı cəzalar yasaqlanıb. Amma, İran dəfələrlə BMT məsullarının etdiyi xəbərdarlığa baxmayaraq öhdəliklərinin heç birini yerinə yetirmir.”
Şallaq və ya ağır həbs cəzalarına məhkum edilən fəalların bir sırası qiyabi olaraq mühakimə ediliblər. O cümlədən, Siyamək Mirzayi Cənubi Xorasan vilayətində sürgündə yaşadığı üçün Tehranda keçirilən məhkəmə iclasına, Əli Əzizi isə Təbrizdə həbsdə olduğu üçün Urmiyədəki məhkəmə iclasına qatıla bilməyib
Hüquq müdafiəçisi qiyabi mühakimələrin İslam Respublikasınaın öz qanunlarına da zidd olduğunu vurğulayır.
“Qiyabi hökmlər məsələsində, İranın öz qanunlarında, yəni, mədəni qanun prosedur qaydalarında deyir ki, hər müttəhimin məhkəmədə hazır olmağa haqqı vardır. İran nə öz qanunlarına inanır, nə də beynəlxalq qanunlara,” Şahin Xiyavlı söyləyir.
O, COVID-19 pandemiyası ilə bağlı İranda vəziyyətin yenidən pisləşməyə başladığını önə çəkərək məzuniyyətə göndərilən fəalların yenidən həbsxanalara qaytarılmasını tənqid edir.
“Pandemiya dönəmində, baxmayaraq ki, bəzi məhbusları məzuniyyətə göndərdilər, amma, xüsusilə tanınmış türk aktivistlər Abbas Lisani, Lətif Həsəni və Tövhid Əmir Əmininin məzuniyyətə çıxmasına icazə verilmədi. Məzuniyyətə çıxanları da pandemiya davam edərkən həbsxanaya geri çağırdılar. Xüsusilə Lətif Həsəni uzun müddətdir zindandadır və sağlıq problemləri var. Düşünürəm ki, o risk qrupundadır,” hüquq müdafiəçisi əlavə edir.VOA