Şahin Xiyavlı: 16 yaşlı tələbə hansı suça görə Təbriz kəşfiyyat idarəsində işgəncə edilir?
Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə İranda dördüncü həftəsinə daxil olan kütləvi aksiyalar ilə əlaqədar İran Azərbaycanında saxlanılan fəallar və etirazçılar haqqında məlumat verib.
Xiyavlı Təbrizdə kəşfiyyat idarəsinin nəzarətində saxlanılan yeniyetmə Atilla Ərfəinin vəziyyətinə diqqət çəkərək deyir ki, “16 yaşındakı bir tələbəni hansı suçla saxlayırlar? Əgər bir suçu varsa, bu, məhkəməyə getməlidir. Atilla ilə bərabər tutulub və sonra buraxılan şəxslər onun işgəncə edildiyini deyiblər”.
Sosial media və bəzi xəbər saytlarında yayılan məlumata görə, 16 yaşındakı yeniyetmə Atilla Ərfəi kütləvi aksiyaların ilk günlərindən bəri İranın Kəşfiyyat Nazirliyinin Təbrizdəki şöbəsində saxlanılır. Onunla bərabər saxlanılıb və daha sonra buraxılanların bildirdiyinə görə, o, küçə iğtişaşlarına rəhbərlik etmək, xalqı qışqırdıb üsyana dəvət etmək, Atatürkün şəklini mobil telefonunun ekranına qoymaq və qəliz türkcə kəlmələrdən istifadə etmək kimi ittihamlarla günahlandırılır.
Şahin Xiyavlının sözlərinə görə, Atilla Ərfəi sorğu-sual prosesində ciddi işgəncəyə məruz qalıb. Onunla birlikdə saxlanılıb və sonra buraxılan şəxslər onun burnunun sındırıldığını və üzündən xəsarət aldığını deyiblər.
16 yaşlı yeniyetməni təhlükəsizlik qüvvələri sentyabr ayının 21-də Təbriz küçələrində nəzarət altına alıb.
“Yəni, əgər oradakı təhlükəsizlik qüvvələri Təbrizdə bir gəncin türkcə danışmasını suç kategoriyasına qoyurlarsa, durum həqiqətən də çox ağırdır. Bu, türk dilinə olan həssasiyyətdir ki, Təbrizdə 16 yaşındakı bir uşağı təmiz bir dildə danışmasından dolayı vurub burnunu sındırırlar. Astma xəstəliyi olduğu halda o şəraitdə saxlayırlar. Bunu anlamaq gerçəkdən çətindir ki, necə olar ki, Təbrizdə, bir türk şəhərində bir uşağı türkcə danışmasından dolayı çeşitli işgəncələrə məruz qoyalar” , hüquq müdafiəçisi söyləyir.
Xiyavlı etirazlar zamanı saxlanılanların əksəriyyətinin yeniyetmə və gənclərdən ibarət olduğunu bildirir:
“Etirazlara qatılanlar ümumiyyətlə aktivist olmayan gənclərdir. Yəni 16 yaş ilə 24-25 arasındakı yaş qrupundan söhbət gedir. Azərbaycan bölgəsindən gələn məlumatlar da göstərir ki, bir çox etirazçı tutulub və bunların əksəriyyətini gənclər yəni qızlar və oğlanlar təşkil etməkdədir. Özəlliklə o Z quşağı (nəsli) dediyimiz o kütlə ki, tutulub, bunlar etirazlarda tutulublar. Bunlar etiraza qatılıb ya məmurlar ilə qarşı-qarşıya durduqları zaman orada tutulublar. Ya da ki, etiraz bitdikdən sonra evlərinə geri döndüyündə tutulublar”.
Şahin Xiyavlı adları müəyyənləşdirilən bir sıra fəalların da etirazlara qatılmadan saxlanıldığını qeyd edir.
“Keçmiş etirazlarda da məsələn Urmiyə gölü etirazlarında ümumiyyətlə o şəxlər ki, təhlükəsizlik qüvvələri onların potensial olaraq aktiv ola biləcəklərini düşünürlər, bunlar o prosesdə nəzarət altında tutulurlar… Məsələn, Səfiyə Qarabağini Zəncanda iş yerində tutublar. Tutmadan öncə bir həftə öncəsində ona SMS göndərmişdilər ki, Ettelaat İdarəsinə müraciət etsin. Səfiyə xanım getmir və gedib onu iş yerindən tuturlar. Dolayısı ilə onlar ki adları müəyyənləşdirilib, ümumiyyətlə keçmişdə də fəaliyyətləri səbəbi ilə tutulan şəxslərdir” , hüquq müdafiəçisi əlavə edib.