Şərqi Azərbaycan vilayətində toyuq əti qıtlığı davam edir
Son günlər ərzində İranda toyuq ətinin qiymətinin artması ilə şəhərlərdə toyuq əti qıtlığı yaranıb. Təbrizdə vətəndaşlar saatlarla sırada gözlədikdən sonra şəxsiyyət vəsiqəsi göstərib dondurulmuş toyuq ala bilir.
İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Şərqi Azərbaycanın Kənd Təsərrüfatı, Sənaye, Mədən və Ticarət Təşkilatı rəsmilərinin gündəlik 230 ton toyuq ətinin kəsilməsinə dair açıqlamalarına baxmayaraq, vilayət və xüsusən Təbriz bazarında bu məhsulun qıtlığı hələ də davam edir.
Son günlərədə sosial mediada yayılan şəkillər və videolarda toyuq almaq istəyən vətəndaşların uzun növbələrdə gözlədiyi müşahidə olunur. Pandemiya dövründə vətəndaşların ərzaq ehtiyaclarını təmin etmək üçün izdihamlı məkanlarda saatlarla gözləməsi narahatlıqlara və tənqidlərə səbəb olub. Digər tərəfdən, Şərqi Azərbaycan vilayətinin ölkədə toyuq və yumurta istehsalında ön sırada olması son günlər yaranmış vəziyyətin müəmmalı tərəfini əks etdirir.
İranda toyuq ətinin qiymətinin qəfil artmasından sonra Təbriz şəhərində əhalinin ehtiyac duyduğu bu əsas məhsulun qıtlığı problemi yaranıb; ət məhsullarının satıldığı mərkəzlərin bir çoxunda toyuq əti yoxdur.
Şərqi Azərbaycan kənd təsərrüfatı idarəsinin baş direktoru son günlərdə vilayətdə quşçuluq istehsalının keçən illə müqayisədə artdığını açıqlayıb. Eyni zamanda, toyuq əti istehsalı ilə bağlı heç bir problemin olmadığını bildirilib.
Təxminən bir həftə əvvəl bazar tənzimləmə qərargahı tərəfindən elan toyuq əti üçün təyin edilən 20 min tümən qiymət tədricən artaraq, müştərilər üçün bir kiloqram üçün 33 min tümənə yüksəlib. Bəzi mənbələrə görə, Təbrizin yuxarı məhəllələrində toyuq ətinin qiymətin 40 min tümənə qədər yüksəldiyi qeyd edilir.
İranda iqtisadiyyatla bağlı təhlillər yayımlayan saytlar 20 min 400 tümən qiymət təyin edilməsinin ardından toyuq istehsalçılarının bundan narazı qalaraq, kəsilən toyuqların sayını azaltdığı haqda məlumat verib. Bu isə bazarda kifayət qədər toyuq ətinin olmamasına səbəb olub. İran mətbuatına danışan Təbriz qəssablar birliyinin rəhbəri verdiyi bir müsahibədə Təbrizdən və Şərqi Azərbaycandan Tehran kimi böyük şəhərlərə toyuq qaçaqmalçılığının vilayətdə toyuq əti qıtlığına səbəb olduğunu iddia edib.
Səlahiyyətli məmurların vilayətdə gündəlik 230 ton toyuğun kəsilməsi ilə bağlı elanına baxmayaraq, vəziyyəti izləyən fəallar gündə yalnız 35 ton toyuğun kəsildiyini və bazara tədarük edildiyini bildirir.
iranwire