Şərqi Azərbaycan valisi İran televiziyasında Məhəmməd Füzuliyə hörmətsizliyə etiraz edib
Şərqi Azərbaycan vilayətinin valisi İranın dövlət telekanalında şair Məhəmməd Füzuliyə (1494 – 1556) hörmətsizlik edilməsinə etiraz bildirərək “İranın etnik qrupları arasındaki birliyə zərər verən cahil və qərəzli insanların” cəzalandırılmasını tələb edib.
Şənbə günü aprelin 24-də İran televiziyasının teledərs layihəsində tədris edən bir müəllim Füzulini başqa bir şairin “farsca şeirlərini türkcəyə tərcümə edən bir füzul (boşboğaz)” adlandırması İran Azərbaycanı və türklərin yaşadığı digər bölgəkərdə etirazlara səbəb oldu.
Vali Məhəmmədrza Purməhəmmədi mövzu ilə bağlı İranın Radio və Televiziya Təşkilatının sədrinə ünvanladığı və dövlət agentliyi İRNA-da yayımlanan açıq məktubda bunları yazıb:
“Yəqin xəbərinin var ki, bir teledərs proqramında böyük və məşhur şair Molla Məhəmməd Füzulinin sahəsinə hörmətsizlik edilib. O söz ustadı ki, fəsahət və bəlağətin zirvəsində olan türkcə şeirləri mistik və islami məzmunlarla doludur… Azərbaycan əhalisi adına sizdən tələb edirəm ki, ölkənin fərqli etnik icmaları çirkin şəkildə hədəf olan bu qərəzli və ya cahil insanlara qarşı sərt ölçülər götürülsün və nəticə şəhidlər yurdu Azərbaycan əhalisinə və ölkənin türklərinə bildirin!”
Vali məktubunda Füzulinin fars və ərəb divanlarına işarə edərək, onu Azərbaycan, İran və İslam dünyasının mənəvi xəzinəsi kimi qiymətləndirib.
İran televiziyasına etirazlar verilişin videosunun sosial mediada yayılmasından sonra başladı. Sosial mediada yayımlanan videoda, “Televiziya Məktəbi” layihəsinin müəllimi deyir ki, “özünə Füzuli adı verən şair, bu adə səbəbsiz yerə seçməyib. O, Saib Təbrizinin (1592 – 1676) şeirlərinin füzuludur (füzul: boşboğaz). Saibin yazdığı hər farsca şeiri, bu gəlib türkcəyə çevirib.”
Tarixi mənbələrə istinadən, Məhəmməd Füzuli (1494 – 1556) Saib Təbrizi (1592 – 1676) dünyaya gəlmədən əvvəl vəfat edib və ondan təsir alması mümkün deyil. İRNA agentliyinin xəbərində də bu mövzuya diqqət çəkilib.
Təpkilərdən sonra İran televiziyasının 4-cü kanalının ictimaiyyətlə əlaqələr şöbəsi “baş verən xəta ilə əlaqədar üzr istədiklərini və xətakar müəllimin işinə son verildiyini” açıqlayıb.
VOA