Şərqi Azərbaycan kəndlərində su çatışmazlığı böhranı artaraq 700 kəndə çatıb
Şərqi Azərbaycan vilayətində su böhranı ilə üzləşən kəndlərin sayı 700-ə çatıb. Bu məlumatı valiliyin Kənd Məsələləri üzrə rəhbəri Məhəmməd İskəndəri Sarab şəhərində kənd məsulları ilə toplantısında bildirib. O, həmçinin bildirib ki, hazırda 250 kənd tankerlər vasitəsilə su ilə təmin olunur.
Vilayətdə 700 kənd su təchizatı problemi ilə üzləşdiyindən hazırda cəmi 250 kənd su tankerləri ilə təmin olunub. Bu məmur həmçinin tankerlə təmin olunan kəndlərin sayını imzalanmış müqavilədə 500-ə çatdırmağa çalışdıqlarını deyib.
İmam Həsən Müctəba adlı düşərgə Şərqi Azərbaycanın kəndlərinə tankerlərlə su verilməsini öhdələnib. Düşərgə 2020-ci ildə koronavirus pandemiyası zamanı yaradılıb və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı bir qurumdur.
Hazırda Şərqi Azərbaycan vilayətin 700 kəndində su böhranının yaşandığı bildirilirkən, mart ayında Təbriz Universitetinin Ətraf Mühit fakültəsinin rəhbəri 480 kənddə su qıtlığının olduğunu bəyan etmişdi.
İran Azərbaycanı vilayətlərində içməli su böhranı problemi getdikcə dərinləşir və bu problem Ərdəbil və Urmiyə vilayətlərində də mövcuddur. “Khabaronline” xəbər saytı Urmiyə vətəndaşlarınının şikayətlərinə istinadən xəbər yayıb ki, son 11 gün ərzində su hər gün bir neçə saat kəsilir.
İrandakı su böhranı bəzi ekspertlərin fikrincə, təhlükəsizlik probleminə çevrilə biləcək problemlərdən biridir. Enerji üzrə ekspert Mahmud Xaqani İLNA xəbər agentliyinə verdiyi son müsahibəsində su ehtiyatlarının istifadəsi və istismarı ilə bağlı Türkiyə və İranı müqayisə edərək, İranın bu sahədəki idarəçiliyini tənqid edib. Bu iranlı ekspertin fikrincə, 25 il əvvəldən İran quraqlığa diqqətsiz yanaşıb və yeraltı su mənbələrindən həddindən artıq istifadə edib. Ekspertin fikrincə Türkiyə İrandan fərqli olaraq, su ehtiyatlarının idarə olunmasında və bənd tikintisi məsələsində plana uyğun hərəkət edib.
“Su tezliklə neftdən daha önəmli olacaq və bu alətlə Türkiyə İran, İraq, Suriya və Qafqazda daha ciddi rol oynaya biləcək.”-deyə ekspert əlavə edib.