Şəhəryeri – müəmma dolu tarixi məkan
Şəhəryeri İran Azərbaycanında görkəmli tarixi məkanlardan biri sayılır. Bu tarixi məntəqə Ərdəbil vilayətinin Meşkinşəhr (Xiyov) şəhərində yerləşir. Bölgədə müxtəlif arxeoloqlar tərəfindən aparılan tədqiqatlar 8 000 il min öncəyə gedib çıxan qədim mədəniyyətin sirlərini hələ də tam çözməyib.
400 hektarlıq sahədə yerləşən Şəhəryeri əsasən üç hissədən ibarətdir: Qoşa Təpə, Hərbi Qala və Ağızsız İnsanlar heykəli.
2011-ci ilin aprel ayında ərazidə baş vermiş tufan böyük heykəllərə ziyan vurmuşdu.
Yeddi il sonra ərazi sakinləri İran rəsmilərinin məkanla bağlı etinasız siyasətinə qarşı etiraz aksiyası keçirdilər. Bu aksiya İran rəsmilərini bu bölgəni qorumaq üçün bir sıra tədbirlər görməyə vadar etmişdi.
Bu heykəllərin bənzərini bəzi ölkələrdə görmək olur, amma bu sayda heykəlin bir yerdə olması, bu bölgənin o dövrün mədəniyyətlərinin arasında əhəmiyyətini göstərir.
Şəhəryerində ilk arxeoloji işlər 1947-ci ildə ingiltərəli arxeoloq Charles Allen Burney tərəfindən başlayıb. Burney bu bölgəni Ərcəq qalası adlandırmışdı. Daha sonra 2003 və 2005-ci illərdə bu tarixi bölgədə iranlı arxeoloqlar araşdırmalara başladılar.
Tarixi bölgənin sirlərindən biri də 6 metrlik məzarlardır. İranlı arxeoloq Əlirza Həjbərinin sözlərinə görə, daşların düzülməsi və yeri qazmaq nəticəsində hazırlanan bu məzarlar 6 metr uzunluq və 1.5-2 metr genişliindədir.
1947-ci ildə Burney tərəfindən kəşf edilən Hərbi Qala və müdafiə divarları, daha sonra iranlı arxeoloqlar tərəfindən də araşdırılıb. Arxeoloqların araşdırmalarına görə, bu tarixi qalanın inşasında harçdan istifadə olunmayıb və divarın inşası böyük və xırda daşların üst-üstə qoyulması nəticəsində həyata keçirilib.
Bu tarixi bölgənin məşhur olmasına səbəb olan nə 6 metrlik məzarlar və nə Hərbi Qaladır, bəlkə neçə min il tarixi keçmişi olan, daşdan düzəldilmiş yoncalanmış heykəllərdir. Əllərində qılınc olan və ölçüləri 30 sm-dən 250 sm-ə olan kişi və qadın heykəlləri barəsində ilk izahatı Burney vermişdi. O, bu heykəllərin məzarlara aid olduğunu bəyan etsə də, daha sonra 2003-dəki araşdırmalar nəticəsində əldə edilən yeni məlumat ilə bu izahatın doğru olmadığı ortaya çıxdı.
Bu heykəlləri möcüzə adlandıran arxeoloq Əlirza Həjbəri heykəllər barəsində deyir: “Bu heykəllərin bənzərini bəzi ölkələrdə görmək olur, amma bu sayda heykəlin bir yerdə olması, bu bölgənin o dövrün mədəniyyətlərinin arasında əhəmiyyətini göstərir. Bunlara bənzər heykəllərdən Azərbaycanda bir və Türkiyədə 30 dənə vardır, ancaq Şəhəryerində tam 537 heykəl mövcuddur.”
“2003-cü ildəki araşdırmada heykəllərin arasında 7 keçid tapılıb və bütün heykəllər o keçidlərin kənarlarında düzülüb, bu 7 keçidin əsli və ən böyük keçidi Savalan dağının qarşısında inşa edilib ki, bu, heykəllər və keçidlərin özəl bir hədəflə inşa edildiklərinin sübutu kimi görünür,” o, əlavə edib.
Arxeoloqlara görə, bu heykəllərin ölçülərindəki dəyişikliklər, o dövrdəki sosial düzən göstərir, ki, elitar zümrəyə məxsus insanların daha böyük heykəlləri inşa olunub.VOA