Səccad Şəhiri həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb
İran Azərbaycanının Sulduz (Nəğədə) şəhərində yaşayan milli fəal Səccad Şəhiri həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülüb.
Amerikanın Səsinin İran Azərbaycanında insan haqları fəallarından əldə etdiyi məlumata görə, aprelin 3-də Səccad Şəhiri məhkəməyə müraciət etdikdən sonra həbs edilib və 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz həbsxanasına köçürülüb.
Şəhiri məhkəmə dosyesinin ilk mərhələsində Sulduzun 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsinin sədri hakim Əmir Kiyumərsi tərəfindən “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamına ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.
Daha sonra isə milli fəala verilən bu hökm Qərbi Azərbaycan Apellyasiya məhkəməsinin 1-ci şöbəsi tərəfindən qüvvədə saxlanılıb.
Səccad Şəhiri keçən ilin yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən həbs edilmişdi. Milli fəal həmin ilin mart ayının 2-də Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülərək, martın 18-də 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Səccad Şəhiri daha əvvəl dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 2018-ci ilin iyul ayının 20-də Babək Qalası tədbirləri zamanı onlarla milli fəal ilə birlikdə həbs edilmiş və daha sonra sərbəst buraxılmışdı.