Şəbistərdə Məhəmməd Tağı Zehtabinin xatirəsi anılıb
Siyasi fəallar Məhəmməd Tağı Zehtabinin vəfatının ildönümü münasibətilə onun məzarı başına toplaşaraq xatirəsini ehtiramla yad ediblər.
Fəallar bu azərbaycanlı yazıçı və siyasi fəalın Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərindəki məzarı üzərinə gül dəstəsi apararaq ehtiramlarını bildiriblər.
İran Azərbaycannda fəallar hər il Dr. Məhəmməd Tağı Zehtabinin məzarına gedərək, onun Azərbaycan tarixinə və dilinə göstərdiyi xidmətlərə və Azərbaycan milli hərəkatındakı böyük roluna görə xatirəsini ehtiramla yad edirlər.
Məhəmməd Tağı Zehtabi 1945-1946-cı illərdə Azərbaycan Demokrat Partiyasının üzvü olub və bəzi milli fəalların dediyinə görə, Babək qalası qurultaylarının yaradıcısı və təklif edənlərindən olub.
O, Azərbaycan Demokrat Firqəsinin gənclər qolunun üzvü olub, Azərbaycan Milli Hökumətinin təsis etdiyi Təbriz Universitetində ədəbiyyat fakültəsində təhsil almağa başlasa da, Azərbaycan Milli Hökuməti devrildikdən sonra ölkədən çıxmağa məcbur qalıb. Zehtabi 1979 İran İslam İnqilabından sonra ölkəyə geri qayıdır, lakin apardığı siyasi və ictimai fəaliyyətlərindən dolayı İran hakimiyyətinin təhlükəsizlik qüvvələri tərəfindən basqılara məruz qalaraq həbs edilib.
İki cildlik “İran Türklərinin Əski Tarixi” əsəri, onun İran azərbaycanında məşhurlaşan əsərlərindən biridir. “İslama Qədər İran Türklərinin Dili və Ədəbiyyatı” və “Türkcəm Mənim Səs Bayrağım” adlı şeir toplusu Məhəmməd Tağı Zehtabinin digər məşhur əsərlərindəndir.
Mərhum Zehtabi 1998-ci il dekabrın 22-də anadan olduğu Şəbistar şəhərində vəfat etmişdir. Azərbaycanın əksər milli fəalları mərhum Zehtabinin ölümünü şübhəli hesab edir və onu o dövrdə İranda baş verdiyi silsilə qətllər siyahısına salırlar. İranda 1988-1998-ci illərdə Haşimi Rəfsəncani və Məhəmməd Xatəminin prezidentliyi dövründə silsilə qətllər baş verib. Bu cinayətlərin qurbanlarının əksəriyyəti tanınmış və alim insanlar, hökuməti tənqid edən siyasi və ictimai fəallar olub.