Rusiya Şuşada hərbi şəhərcik qurur? Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda uşaq bağçaları “bağlanır”
Rusiya Laçın və Şuşada hərbi şəhərciklər quracaq?
Dağlıq Qarabağda Rusiya hərbi kontingenti üçün səyyar modul tipli şəhərciklər aprelin 5-dək istifadəyə veriləcək. Aprelin sonuna qədər isə sülhməramlılar üçün nəzərdə tutulan səyyar xəstəxana işə düşəcək, bunu Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov jurnalistlərə bildirib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu cür şəhərciklər yaxın zamanlarda Sisian-2, Çartar, Laçın, Sos, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Şuşa, Zabux, Cebrabert, Qırıqağa yaşayış məntəqələrində də qurulacaq.
Bulqakov Xankəndidə Rusiya hərbçiləri üçün 250 nəfərlik növbəti blok-modul tipli şəhərciyin açılışı və istismara verilməsi mərasimində iştirak edib.
“Hazırda biz 25 belə şəhərcikdə avadanlıqların quraşdırılması və istismara verilməsi işlərini başa çatdırırıq. Aprelin 5-dən gec olmayaraq onların hamısı hazır olacaq,” – Bulqakov deyib.
Bulqakov, həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda rusiyalı hərbçilər üçün səyyar hospitalın tikildiyini də qeyd edib. Həmin hospital aprel ayının sonunadək hazır olmalıdır.
Ötən il noyabrın 10-da, 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşması əsasında Rusiya bölgəyə öz sülhməramlılarını göndərib. Rus sülhməramlılarının sayı bu razılaşmaya görə 2 minə yaxındır.
Rusiya Müdafiə Nazirliyinin yaydığı xəritəyə əsasən, Şuşa rus sülhməramlıların müşahidə-nəzarət trayektoriyasında göstərilməyib.
Azərbaycan rəsmiləri hələ ki, rus sülhməramlıları üçün Şuşada şəhərcik tikiləcəyi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin məlumatını şərh etməyib.
BBC