Rusiya hərbçiləri öz təyyarələrini vurdu – BAKU TV
Rusiya hərbçiləri Ukraynadakı müharibədə təsadüfən öz təyyarələrini vurub. Bu barədə “Reuters” agentliyi Britaniya kəşfiyyatına istinadla məlumat yayıb. Bəzi Rusiya hərbçilərinin təxribat məqsədilə öz texnikalarını qəsdən məhv etdikləri də iddia edilir. Britaniyanın kəşfiyyat xidmətinin rəhbəri Ceremi Fleminq bildirib ki, Putin həm Ukraynanın müqavimətini, həm də Qərbin Ukraynanın işğalına cavab vermək əzmini lazımınca qiymətləndirməyib. “Biz silahsız və döyüş ruhu olmayan rus əsgərlərinin əmrləri yerinə yetirməkdən boyun qaçırdığını, öz texnikalarına qarşı təxribat törətdiyini və hətta təsadüfən öz təyyarələrini vurduğunu gördük”, – deyə Fleminq bildirib. Ukrayna mətbuatının yazdığına görə, fevralın 26-da Rusiyanın Qara Dəniz Donanmasının gəmisi səmada Rusiya təyyarəsini vurub. Zərbənin təsadüfi olub-olmadığını müəyyən etmək mümkün deyil. Daha əvvəl ABŞ kəşfiyyatı Putin və Sergey Şoyqu arasında gərginlik barədə məlumat verib. Vurğulanıb ki, Rusiya Prezidenti Ukraynaya qarşı müharibə ilə bağlı bütün baş verənlər barədə məlumatlandırılmayıb. ABŞ hesab edir ki, Kreml rəhbərinə Rusiya Ordusunun itkiləri və Qərbin sanksiyalarının daxili iqtisadiyyata real zərbəsi barədə bilərəkdən yanlış məlumat verilir. Putin faktiki olaraq doğru informasiyadan təcrid olunub.