Rəsmilər İran Azərbaycanının “səhralaşma” təhlükəsi ilə üzləşdiyini deyir
Şərqi Azərbaycan vilayətinin “Cihad Kənd Təsərrüfatı Təşkilatı”nın rəhbəri Əkbər Fəthi vilayətdə “səhralaşma” təhlükəsinin ciddi olduğunu irəli sürüb.
Fars xəbər agentliyinə danışan rəsmi Əkbər Fəthi Urmiyə gölünün quruma böhranı nəticəsində gölün hövzəsində səhralaşma müşahidə olunduğunu dilə gətirib. Agentlik həmin xəbəri “Şərqi Azərbaycan səhraya çevrilir” başlığı ilə yayıb.
“Əgər bir gün Şərqi Azərbaycan səhraya çevriləcəyi deyilsəydi, kimsə buna inanmazdı, amma hazırda görürük ki Urmiyə gölünün hövzəsində səhranın əmələ gəldiyini görürük” -deyə, rəsmi bildirib.
Şərqi Azərbaycan vilayətində “səhralaşmanın günbəgün genişləndiyini” söyləyən rəsmi bunun qarsısını almaq üçün ağac və çalı (kol) əkməyi uyğun həll yolu kimi qeyd edib.
İranın demək olar bütövündə su böhranı və quraqlıq problemi getdikcə ağırlaşır. Bu problem kənd təsərrüfatı sektoruna böyük təsir göstərib, eləcə də Urmiyə gölü hövzəsində olan əkinçilik sahələri gölün quruması ilə yararsız vəziyyətə düşüb və əvvəlki illərdəki məhsuldarlığını itirib.
Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı təşkilatının rəhbəri bu məsələ ilə əlaqədar bəzi ekspert və siyasətçilərin irəli sürdüyü “nəyin bahasına olursa olsun, daxili resurslara arxalanmaq siyasətinin gərəksizliyi” yanaşmasını rədd edib.
Rəsmi deyib ki, “Rusiya-Ukrayna müharibəsi və ard-arda yaşanan quraqlıqlar göstərdi ki, hər bir ölkə xaricdən asılı olmadan öz daxilində kənd təsərrüfatı məhsulları və ərzaq istehsal edə bilmək və əsas mallarını təmin edə bilməsi üçün tədbirli olmalıdır.”
Bəzi ekspertlər İranın su ehtiyatları ilə bağlı problem yaşadığı və quraqlıq səbəbi ilə səhralaşma böhranından dolayı əkinçilik sektorunun fəaliyyətini azaltmaq və suvarma metodlarının modernləşdirilməsini təklif edirlər. Buna baxmayaraq, yarı-rəsmi İSNA agentliyinin İran gömrüyünə istinadən verdiyi məlumata görə, keçən il ölkədən 208 milyon dollar dəyərində becərilməsi üçün xeyli suya ehtiyac duyan qarpız məhsulu ixrac edilib.
Su çatışmazlığı problemi ilə üzləşən İran üçün bu xəbər bəzi ekspertlər tərəfindən tənqidlər və sosial şəbəkələrdə bir sıra istifadəçilərin reaksiyasına səbəb olub.
Ekspertlər Urmiya gölündə ekoloji durumun sentyabr ayında ən pis həddə çata biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.