“Qarabağa dəstək” aksiyalarında saxlanılan qadınların adları açıqlanıb
Təbrizdə 18 oktyabr bazar günü keçirilən “Qarabağa dəstək” mitinqində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bəzi qadın iştirakçıların adları açıqlanıb.
Şima Əlmasi, Məhtab Əsgərinejad və qızı Aylin Şirzadi, Həbibə (Məlihə) Bərqi, Mina Vəlipur, Sara Turi, Fatimə İbrahimzadə və qızı Kövsər Neməti
Fatimə İbrahimzadənin 13 yaşlı uşağı Kövsər, 24 saatlıq həbsdən sonra bazar ertəsi günü sərbəst buraxılıb. Səkinə Əbdi 4 gün həbsdən sonra xəstəlik səbəbi ilə oktyabrın 21-də sərbəst buraxılıb.
Tehran şəhərinin sakini İffət Nikbəxt oktyabrın 18-də günortadan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan vətəndaşın vəziyyəti haqda hələ ki bir məlumat yoxdur.
Oktyabrın 18-də İran Azərbaycanın müxtəlif şəhərlərində, xüsusi ilə Təbrizdə keçirilən etiraz aksiyaları zamanı çox sayda vətəndaş və milli fəal müxtəlif təhlükəsizlik qurumları tərəfindən nəzarətə alınsa da, lakin bu günə qədər yalnız bir neçəsinin kimliyi müəyyən edilib.
Qarabağa dəstək aksiyası zamanı Təbrizdə nəzarət altına alınan Təbriz sakini olan milli fəal Siyamək Kuşi Amerikanın Səsi ilə danışıqda nəzarətdə qaldığı zaman 10 nəfər civarında qadın vətəndaşın saxlanıldığını söyləmişdi.
Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə iki dəfə Qarabağa dəstək aksiyası keçirilib və hər dəfəsində bir çox milli fəal və türk vətəndaş həbs edilib. Şahidlər saxlanılan fərdlərin sayının kimlikləri müəyyən edilmiş şəxstlərdən qat-qat çox olduğunu ifadə edir.