Qərbi Azərbaycan vilayətində iş adamları məhbuslara bir milyard yarım tümən yardım ayırıb
Urmiyə Ticarət Palatasının sədri Həsən İntizar Qərbi Azərbaycan vilayətində ehtiyatsızlıqdan törədilmiş cinayətlərdən dolayı məhkum olmuş məhbusların azadlığı üçün bir milyard yarım tümən yardım ayrıldığını bildirib.
İLNA xəbər agentliyi (Iranian Labour News Agency) bu haqda məlumat yayıb.
“Urmiyə Ticarət Palatası və Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən iş adamları öz ictimai məsuliyyətlərini yerinə yetirmək və Allahın razılığını qazanmaq məqsədi ilə ehtiyatsızlıqdan törədilmiş cinayətlərdən dolayı məhkum olmuş məhbuslara bir milyard yarım tümən yardım ayırıblar” – deyə, Həsən İntizar bildirib.
Agentliyin məlumatına görə, Urmiyə Ticarət Palatasında toplanan pul Qərbi Azərbaycanda ehtiyacı olan məhbuslara yardım üçün təşkil edilmiş “Diyə Cəmiyyəti”-nə təhvil verilib.
“Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür. İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə-təzminat almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtara bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumlara ölüm cəzası tətbiq edilir.