Qərbi Azərbaycan vilayətində COVID-19-dan bir gündə 31 ölüm halı qeydə alınıb
Bu günlərdə İranın Qərbi Azərbaycan vilayətində koronavirusa yoluxma və ölüm hallarının yüksəlməsi əhalini təşvişə salıb.
İran xəbər agentliklərinin vilayətin səhiyyə xidmətinə istinadən yaydığı son məlumata əsasən, Qərbi Azərbaycan vilayətində bir sutkada COVID-19-a 1067 yeni yoluxma və 31 ölüm halı qeydə alınıb.
Urmiyə Tibb Universiteti və səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadə yarı-rəsmi Mehr agentliyinə müsahibədə vilayətdə kəskin tənəffüs sindromu səbəbilə xəstəxanaya yatırılan xəstələrin sayının 1928 nəfərə çatdığını bildirib.
“Mehr”-ə istinadən, ən çox yoluxma və ölüm halı vilayətin mərkəzi Urmiyədə baş verib. Urmiyədə bir gündə 13 ölüm halı qeydə alınıb.
Tasnim agentliyi isə yazıb ki, “Qərbi Azərbaycan vilayətinin bəzi xəstəxanalarında iynə atmağa yer yoxdur. Xüsusilə Urmiyədə kritik xəstələr üçün xəstəxana yatağı asanlıqla tapılmır.”
VOA