Qərbi Azərbaycan: iki milli fəala bəraət qazandırılıb
Qərbi Azərbaycan vilayətinin Urmiyə və Xoy şəhərlərində iki milli fəal məhkəmə tərəfindən bəraət hökmü alıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, milli fəal Fərid Xorşidiyə bəraət qazandırılıb. Fəala qarşı irəli sürülən ittihamların isbatı üçün səbəblərin yetərli olmadığından İranın Cinayət Prosessual Məcəlləsinin 265-cı maddəsinə dayanaraq bəraət hökmü verilib. “Sistemə qarşı təbliğat aparmaq” və “qanunsuz etiraz aksiyalr; təşkil etməyə cəhd” fəala qarşı irəli sürülən ittihamlar idi.
Güneyli milli fəal Fərid Xorşidi iyulun 16-da Qarabağa dəstək aksiyası zamanı həbs edilmişdi.
O, Urmiyənin Polis İdarəsinin təhlükəsizlik şəbəsinə çağırılaraq nəzarat altına alınmışdı. Xorşidi 5 gün təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 50 milyon tümənlik zəmanət qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.
Həmçinin Qərbi Azərbaycan vilayətinin digər şəhəri Xoyda yaşayan iyulun 20-də kiberməkan polisi tərəfindən milli fəal Cəfər Əkbəri Xoy İnqilab Məhkəməsi tərəfindən fəala qarşı irəli sürülən “kiberməkanda sistemə qarşı təbliğat aparmaq” ittihamından bəraət qazanıb.
İran Azərbaycanında Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Bakıda keçirilən yürüşlərə dəstək məqsədi ilə Təbrizdə Azərbaycan Respublikası Konsulluğu və Tehranda Ermənistan Respublikası Səfirliyinin qarşısında mitinqlər zamanı bir çox milli fəal saxlanılmışdı.
Urmiyədə Fərid Xorşidi ilə birlikdə milli fəallar Şiva Mücərrəd və Salar Tahir-Afşar həbs edilmişdilər.
İyulun 16-da saxlanılan milli fəallar zəmanət qarşılığında sərbəst buraxılsalar da “milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “ümumi intizamı pozmaq” ittihamı ilə qarşı-qarşıya qalıblar.