Bahar Rüstəmli; Pandemiya tezliklə ötüb keçəcək, bəs sonra?
Qaynarinfo xəbər verir ki, bunu professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, koronavirus sanki görünməmiş kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir:
“Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir sikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə. Sadəcə, tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir. Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək”.
Bəs bu pandemiya bir sınaq kimi bizə nəyi öyrədəcək? Yaxud da torpaqlarının 20%-i işğal olunmuş xalqımızda keyfiyyət dəyişikliyi baş verəcəkmi?
Adil Qeybulla hesab edir ki, hazırda cəmiyyətdə sözün çəkisi o qədər aşağı düşüb ki, yüksək mənəviyyatdan danışmaq belə bayağı səslənir:
“Xatirimdədi, mən uşaq olanda mahalda, obada dul qadın, əlil adam, tənha yaşayan insanlar hamının diqqət mərkəzindəydi. Hamı onlara əl tutar, kömək edər, süfrəsinə dəvət edər, mərhəmət göstərərdi. İnsanlar göstərdiyi mərhəməti kimsənin bilməsini qəti istəməzdi. Hesab edərdi ki, mərhəmət yalnız vicdan qarşısında hesabatdır. İnsanlar arasında onları güvənli edən, insan cildində saxlaya bilən həqiqi bir səmimilik, kişi sözü, etibar, ləyaqət kimi indi arxaizmə çevrilən anlayışlar var idi. İnsanlar fədakarlıq və məhrumiyyətlərə sinə gərməklə şərəf və ləyaqətini hər şeydən üstün tutmağa çalışardılar. 50 yaş və yuxarı nəsil bu günləri çox yaxşı xatırlayır. Hazırda sözün cəmiyyətdə çəkisi o qədər aşağı düşüb ki, yüksək mənəviyyatdan danışmaq bayağı səslənir artıq. İmtiyaz yolu sanki instinktiv olaraq hədəflənmiş yola çevrilib. Baxmayaraq ki, bu seçim gözlərimiz önündə çox başları əyməklə millətin qürur hissini zədələyib. Bioloji təhlükə – pandemiya tezliklə ötüb keçəcək. Bəs biz yeni dövrə bu sınaqdan hansı sima ilə çıxacağıq: Bir millət kimi (mən millət deyəndə bütövlükdə xalqımızı nəzərdə tuturam) bütövləşmiş, güclənmiş şəkildə, yoxsa yeni-yeni münasibət mutasiyaları və derivasiyaları ilə? Gəlin birlikdə düşünək”.