Pərisa Rəfiinin apellyasiya məhkəməsi keçiriləcək
Azərbaycanın Zəncan şəhərindən olan tələbə fəal Pərisa Rəfii həbsdə olduğu zaman həbsxananın şəraiti və məmurların məhbuslara pis davranışı barədə məktub yazdığı üçün mühakimə ediləcək.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, hal-hazırda Tehranın Evin Həbsxanasında saxlanılan siyasi fəal Pərisa Rəfiinin apellyasiya məhkəməsinin iclası yanvarın 11-də Tehranın Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində keçiriləcək. Pərisa Rəfiiyə qarşı açılan yeni məhkəmə iddiası həbsdə ikən prokurorun etirazı ilə açılıb.
Əslən İran Azərbaycanının Zəncan vilayətindən olan Rəfiiyə qarşı bu iddia 2019-cu ilin mayında həbsxanada saxlanıldığı “kameranın şəraiti” və “bakirəlik testi” kimi təzyiqlərə etiraz məktubu səbəbilə “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı altında qaldırılıb.
Rəfiinin ona qarşı qaldırılan son iddia əlaqədar son dindirmə iclası sentyabrın 5-də hakim Hacı Muradinin sədrliyi ilə Evin Prokurorluğunun 2-ci şöbəsində vəkilinin iştirakı olmadan keçirilmişdi. Bu məhkəmə iclasında Rəfii məhkəmənin dindirmə prosesində özünü son dəfə müdafiə etmişdi və fəal üçün 100 milyon tümənlik girov nəzərdə alınmışdı.
Oktyabrın 11-də Pərisa Rəfiinin ittihamı ilə əlaqədar qurulan məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilmişdi.
Pərisa Rəfii 2018-ci il fevralın 25-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 23 gün naməlum yerdə nəzarət altında sorğu-sual edildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. İlkin məhkəmədə xanım Rəfiiyə qarşı “ictimai asayişi pozmaq”, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “qeyri-qanuni toplaşma” ittihamları irəli sürülərək, 7 il həbs və 74 qamçı cəzasına məhkum edilmişdi.
Tehran Universitetində incəsənət ixtisası üzrə təhsil alan siyasi fəal Pərisa Rəfii İranda 2018-ci ildə kütləvi etirazlardan sonra həbs edilmişdi.
VOA