NATO rəhbəri Ukrayna böhranı fonunda Rusiya ilə xüsusi görüş planlaşdırır
NATO-nun baş katibi Yens Stoltenberq gələn həftə Ukrayna böhranı ilə əlaqədar olaraq müttəfiq ölkələrin səfirləri və Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə xüsusi görüş təyin edib. Bu barədə çərşənbə axşamı günü NATO rəsmisi məlumat verib.
Ukrayna ilə sərhəddə Rusiyanın hərbi mövcudluğunun artırılmasından narahat olan Qərb hərbi alyansı bir neçə aydır ki, NATO-Rusiya Şurasının iclasını keçirməyə çalışsa da, dialoq üçün istifadə edilən forum oktyabrda casus qalmaqalı ilə bağlı belə görünür şübhə altına alınmışdı.
Şuranın 2002-ci ildən dialoq üçün istifadə edilən formatda görüşü yanvarın 12-də Brüsseldə keçiriləcək. Görüşdən əvvəl yanvarın 10-da isə Cenevrədə ABŞ və Rusiya rəsmiləri arasında təhlükəsizlik danışıqlarının keçirilməsi gözlənilir.
Avropa İttifaqının baş diplomatı Cozef Borrell NATO-ya üzv olmaq istəyən Kiyevə dəstəyini nümayiş etdirmək üçün çərşənbə axşamı iki günlük səfərlə Ukraynaya yola düşüb.
Moskva NATO-nun şərqə doğru genişlənməyəcəyi və Rusiya ilə ərazi mübahisələri olan Ukrayna və Gürcüstanla hərbi əməkdaşlığa son qoyacağına qarantiyalar istəyir.
Rusiya həmçinin Ukraynaya müdaxilə etməklə bağlı iddiaları da rədd edərək, Kiyevi ölkənin şərqində hərbi qüvvələrini yerləşdirməkdə ittiham edir.
“Rusiya ilə istənilən dialoq qarşılıqlılıq əsasda aparılmalı, NATO-nun Rusiyanın hərəkətləri ilə bağlı narahatlığı müzakirə olunmalı… və NATO-nun avropalı tərəfdaşları ilə məsləhətləşmələr əsasında aparılmalıdır” – deyə, NATO rəsmisi bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya rəsmilərinin Brüsseldə keçiriləcək NATO toplantısında iştirak edəcəyini təsdiqləyib.
Cenevrədə ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşdən sonra Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov və digər yüksək səviyyəli rəsmilərin Brüssel danışıqlarına qatılacağı gözlənilir.
Danışıqların yanvarın 13-də ATƏT çərçivəsində ABŞ və NATO müttəfiqləri, habelə Rusiya, Ukrayna və digər keçmiş sovet ölkələrinin də iştirakı ilə daha geniş formatda aparılması planlaşdırılır.
Cozef Borrelin Ukrayna səfəri zamanı xarici işlər naziri Dmitri Kulebanın müşayiəti ilə Rusiyanın dəstəklədiyi separatçı üsyançılarla təmas xəttinə baş çəkəcəyi gözlənilir.
Avropa İttifaqı xarici işlər nazirlərinin yanvarın sonunda növbəti addımlarını müzakirə edəcəkləri planlaşdırılır.