Nəzarətə alınan sosial media fəalı Rza Əsgəriyanın durumu haqda məlumat yoxdur
İranın Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən sosial media fəalı Rza Əsgəriyanın durumu haqda heç bir məlumat yoxdur.
Rza Əsgəriyanın saxlanıldığı yer və ittihamları haqda hələ ki, heç bir məlumat yayılmayıb.
İranın İnqilab Keşikçiləri Korpusuna yaxınlıqda bilinən Fars News xəbər agentliyi, avqustun 6-da yaydığı xəbərdə təhlükəsizlik qüvvələrinin Sarablılar adlı İnstagram səhifəsinin admin heyətinin həbs edildiyini bildirmişdi.
Həmçinin şəhərin xəbərlərini yayımlayan Sarab News adlı xəbər saytı bu barədə yaydığı məlumatda “Sarablılar” səhifəsinin “din və inqilab əleyhinə” məzmun paylaşdığını iddia edib.
Əsgəriyanın nəzarətə alınması xəbərinin yayılmasından iki həftədən çox zaman keçsə də hələ ki, onun harada saxlanıldığı və sağlamlıq durumu haqda heç bir məlumat yoxdur.
İran mətbuatında İnstagram səhifəsinin admin heyətinin tutulduğu qeyd edilsə də, bölgədə fəaliyyət göstərən insan hüquqları fəalları yalnız bir şəxsin həbs edildiyini bildirir.
İran Azərbaycanı xəbərlərini yayımlanan Günaz TV və AzNews TV İran mediasında yayımlanan məlumata istinadən, Rza Əsgəriyanın həbsinin “Sarablılar” səhifəsi və Sarabın Cümə İmamının sözləri ilə əlaqəli olduğu ehtimalı irəli sürülür.
Fars News xəbər agentliyi “Sarablılar” İnstagram səhfəsinin “illər boyu təhlükəsizlik və dinə qarşı təhqiredici şərhlər” paylaşdığını qeyd etmişdi. İslam Respublikasının məhkəmə qanunlarına görə, “müqəddəsləri təhqir etmək” ilə günahlandırılan şəxslər bir ildən beş ilə qədər həbs cəzasına məhkum oluna bilər.
Rza Əsgəriyan inşaat mühəndisliyi üzrə magistr dərəcəsi alıb.
VOA