Məcid Cavadi: Urmu gölünün qurudulması ilə bağlı 2011-ci ildən sonra ikinci dəfə geniş aksiya keçirildi
İran rejimi Urmu gölü ilə bağlı sözünə əməl etmədi
Bayraqdar.info – “Bilirsiniz ki, Urmu gölünün quruması ən kritik mərhələyə qədəm qoyub. Bunun da əsas günahkarı İran rejimidir. Məhz rejimin su qaynaqlarının idarə edilməsi siyasətində yol verdiyi yanlışlıqlar bu gölün qurumasına səbəb olub. Ona görə də biz Urmu gölünün “quruması” deyil, “qurudulması” deyə vurğulayırıq”.
Bunu Urmu gölünün quruması ilə bağlı iyulun 16-da Güney Azərbaycanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarını dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Rejim sanki bu gölün qurumasını tezləşdirməkdə maraqlı görünür
Onun sözlərinə görə, daha öncə 2011-ci ildə bu gölün quruması ilə bağlı problem qabarıq şəkildə ortaya çıxmışdı. Həmin ildə Güney Azərbaycanda böyük etirazlar oldu. Ondan sonra İran rejimi guya bəzi tədbirlərin görüləcəyinə söz verdi. Lakin hər hansı tədbir görülmədi”.
Bayraqdar.info-ya özəl açıqlamasında M.Cavadi bildirib ki, sonrakı illərdə bir az yağıntıların çox olması göldə vəziyyəti cüzi də olsa normallaşdırdı: “Amma bu, İran rejiminin söz verdiyi addımları atması ilə bağlı deyildi. İran rejiminin Urmu gölünün xilası üçün reallaşdıracağına söz verdiyi layihələrin heç biri gerçəkləşmədi. Əksinə, rejim sanki bu gölün qurumasını tezləşdirməkdə maraqlı görünür. Görüntü xatirinə bir tunel çəksələr də onu da yarımçıq saxlayıblar. Bir tərəfdən də belə bir şaiyə gəzir ki, əslində, o tunel gölə su gətirmək üçün yox, İranın devrim mühafizləri – SEPAH üçün çəkilib. Onlar orada yeraltı hərbi təchizat üçün bu tuneli qazıblar. Üstəlik son bir-iki ildə yağıntıların azalması ilə göldə vəziyyət yenidən faciəli hal alıb. Gölün güney qismi tamamilə qurumaq təhülkəsi ilə baş-başadır”.
Güney Azərbaycanın böyük hissəsi çox ciddi ekoloji təhlükə ilə baş-başa qalacaq
Müsahibimiz bu qurumanın baş verəcəyi təqdirdə hansı qlobal və ekoloji təhlükənin olacağına da aydınlıq gətirib: “Əgər bu quruma baş verərsə özlüyündə quzey tərəfi də quruyacaq. Bu baş verəcəyi təqdirdə Güney Azərbaycanın böyük hissəsi çox ciddi ekoloji təhlükə ilə baş-başa qalacaq. Hətta Urmiya və Təbrizin belə yaşanmaz vəziyyətə gəlməsi ehtimalı var”.
M.Cavadi deyib ki, məhz buna görə də Güney Azərbaycanda və xaricdə yenidən etirazlar artıb: “Güneydə divarlara şüarlar, elanlar yazıldı, sosial mediada kampaniyalar aparıldı, yerli fəallar xalqı etiraza səslədi. Məsələn, Twitter-də Urmu gölü ilə bağlı həştəqlər İranda və hətta Qərbi Asiyada ən üst səviyyəyə – birinci sıralara çıxdı. Eyni zamanda Güney Azərbaycanın daxilindən bizim təşkilatlarımıza etirazın kütləviləşməsi ilə bağlı çoxsaylı istəklər daxil oldu. Bunu nəzərə alaraq Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi Urmu gölünün qurudulmasına etiraz olaraq iyulun 16-da xalqı kütləvi aksiyaya çağırdı”.
Urmu gölünü müdafiə edənlərə polis basqısı
Qeyd edilib ki, bu çağırışa cavab olaraq Urmiyada kütləvi etiraz aksiyaları keçirilib: “Düzdür, İran rejimi Təbrizə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb etdiyi üçün orada aksiya olmadı. Xeyli sayda insan həbs edilib. İyirmiyə yaxın Təbriz fəalı polis tərəfindən saxlanılıb. Həmçinin sıravi vətəndaşlardan da çoxsaylı tutulanlar var. Bu say bəlkə də iki yüz nəfərə qədərdir. Artıq Təbrizdə tutulanların bir neçəsini məhkəməyə göndəriblər. Eyni şəkildə Zəncanda, Tehranda və xüsusilə də Ərdəbildə şəhər mərkəzləri polis və təhlükəzilik qüvələri ilə doldurulub. Amma buna rəğmən Urmiyada, Sulduzda aksiya baş tutdu. Beləliklə, Urmu gölünün qurudulması ilə bağlı 2011-ci ildən sonra ikinci dəfə geniş aksiya keçirildi”.