Əfşar Muhibin girov qarşılığında sərbəst buraxılmasına icazə verilməyib
14 Yanvar 2022
Ərdəbil həbsxanasında saxlanılan mədəni fəal Əfşar Muhibin ailəsi girov qarşılığında onun sərbəst buraxılması üçün tekrardan dünən 13 Yanvar 2022-də müraciət ediblər ancaq məhkəmə rəsmiləri onun sərbəst buraxılması ilə müxalifət ediblər.
Cənab Muhibin həbsindən 23 gün keçməsinə və ailəsinin dəfələrlə müraciətinə baxmayaraq, Ərdəbil ümumi və inqilab məhkəməsinin 3-cü şöbəsinin müstəntiqi Hatif Qasımzadə təyin olunan 50 milyon Tümənlik girov qarşılığında onun məhkəməyə qədər sərbəst buraxılmasına razılıq verməyib.
Müstəntiqin bu hərəkəti, İranın məhkəmə sistemi məsullarının son vaxtlar məhbusların sayının azaldılması üçün dedikləri iddiaların əksinədir.
Qeyd etmək gərəkir ki, Əfşar Muhib məhkəmə rəsmilərinin onun girov qarşılığında sərbəst buraxılmasından imtina etməsinə etiraz olaraq 2 Yanvar 2022-də aclıq aksiyasına başlamışdı və 5 Yanvarda onun istəklərinin yerinə yetirəlməsi barədə ona söz verildikdən sonra aksiyasına son qoymuşdu.
Ərdəbildə yaşayan mədəni fəal Əfşar Muhib 22 Dekabr 2021-ci il çərşənbə günü Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsinə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu mədəni fəal 22 Dekabr axşam saatlarında ailəsi ilə qısa telefon danışığında həbs olunduqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürüldüyünü və dərc etdirdiyi yazı və məqalələrin məhkəmə tərəfindən suç sayıldığını bildirib.
Bundan öncə Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsi bir bildirişdə, Əfşar Muhibi “İran İslam Respublikasına qarşı təbliğat və hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyətləri” ittihamını müdafiə etmək üçün çağrılmışdı.
Əfşar Muhib Ərdəbildə yaşayan mədəni fəaldır. O, son illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və saxlanılıb. Sonuncu halda bu mədəni fəal 2020-ci il fevralın 25-də iş yerindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Ərdəbil Kəşfiyyat İdarəsində dindirilib.