Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir
Urmiye Gölü’nü canlandırma projeleri neden sonuca ulaşmadı? Çalışmalar niye durduruldu? Engeller neydi? Hangi planlar yanlıştı ve hangileri yarım bıraxıldı? İran devletinden bu aşamada neler taleb edilmeli?
Musa Aşüfte ile söyleşide danışdıq.
İranın Qərbi Azərbaycan vilayətində yaşayan türk fəal Musa Aşüftə Amerikanın Səsinə müsahibədə təxminən 8 il əvvəl fəaliyyətə başlamış Urmiyə Gölünü Canlandırma Mərkəzinin layihələri və bu layihələrin nəticəsiz qalmasına səbəb olan amilləri şərh edib.
Prezident Həsən Ruhani dönəmində təsis edilmiş canlandırma mərkəzinin fəaliyyətlərinin bir il öncə İbrahim Rəisinin vəzifəyə gəlməsi ilə birlikdə dayandırıldığı bildirilir.
Musa Aşüftə canlandırma mərkəzinin fəaliyyətlərinin böyük hissəsinin faydasız və səmərəsiz olduğunu, faydalı işlərinin də yarımçıq buraxılıb və nəticəyə çatmadığını vurğulayır.
“Canlandırma mərkəzinin fəaliyyətlərinin bir bölümü verimsiz və faydasız işlər idi. Təəssüflə, digər bölümü də yarımçıq qalıb və bu günə qədər Urmiyə gölünə önəmli bir faydası olmayıb,” Aşüftə söyləyir.
“Faydasız və ya faydalı, amma yarımçıq buraxılan layihələr”
Musa Aşüftə mərkəzin fəaliyyəti dövründə “verimsiz və faydasız” işlər görüldüyünü bildirir.
“Məsələn, əvvəllər gətirib gölün ətrafına ağac əkmək istəyirdilər və buna da büdcə xərclədilər. Ancaq bir yerə çatmadı; əllərindəki büdcə ilə Urmiyə gölü hövzəsi əkinçiləri yerlərini əkməsin, dövlət onlara pul ödəsin deyə ‘nəkaşt’ (əkmə) adında bir layihə başlatdılar. Sonra bunu icra etmədilər. Bunu ‘beh-kaşt’ (yaxşı əkin) layihəsinə çevirdilər. [Bununla] əkinçiləri daha az su aparan məhsullara yönləndirmək istədilər. Bu da yarımçıq qaldı və verimsiz bir iş oldu. Urmiyə gölü adına Araz çayında su çəkmək layihəsi var idi. O su da Urmiyə gölünə çatmadı, başqa iş üçün istifadə edildi.”
Musa Aşüftə Canlandırma Mərkəzinin tamamlanmayan layihələrinə diqqət çəkərək əlavə edir:
“Bəzi işlər görmək istəyirdilər ki, faydalı ola bilərdi. Ancaq onlar da yarımçıq qalıb. O cümlədən: Çeşidli nazirliklər və dövlət qurumları arasında uzlaşdıqları maddələr əsasında ildə təxminən 2 milyard kubmetr su bəndlərdən Urmiyə gölünün su haqqı olaraq nəzərdə alındı. Amma bunu heç zaman təmin etmədilər. Çayların daha az itki ilə gölə doğru axması üçün çayların axarını arıtlamaq kimi planları var idi. Bunu yarımçıq gördülər. Ənənəvi əkinçilikdə böyük miqdarda su sərf olunur. Bunlar ilk başda dedilər ki, əkin yerlərinin böyük bölümünü modern suvarma sistemləri ilə təchiz edəcəyik. Deyə bilərik ki, bu xüsusda da əməldə heç bir iş görülməyib. Çox önəmli və çox büdcə aparan bir layihə başlatdılar. Qərbi Azərbaycan vilayətinin Piranşəhr (Xana) bölgəsində Zab çayı hövzəsində Zab çayından Urmiyə gölünə su kanalı adında bir layihə. Mənim baxdığımza görə, dönəmin puluyla neçə yüz milyon dollar pul xərclədiklərini dedilər. Biz bunun doğru olduğunu bilmirik. Amma bu kanal da bu günə qədər fəaliyyətə başlamayıb. Önəmli layihələrindən Təbriz və Urmiyə təsfiyəxanaları (sutəmizləyici qurğuları) idi. Tullantı suları təmizləyib gölə qaytarmağı düşünürdülər. Bu layihə də bu günə qədər bitməyib.”
Hədəf 2021-də gölü ekoloji səviyyəsinə çatdırmaq idi
Musa Aşüftə canlandırma mərkəzinin fəaliyyətlərinin ümumilikdə “bir işə yaramadığını” ifadə edir:
“Yəni bu nəticəyə yetişə bilərik ki, Urmiyə Gölünü Canlandırma Mərkəzinin gördüyü faydalı ola biləcək işlərin də heç biri bu günə qədər gölə bir damcı da su olmayıb. Olsa olsa bundan sonra olacaq. Mərkəzin nəzərdə tutduğu amacları düşünsək, bunların ancaq yüzdə 10-15 qədərini gerçəkləşdirib deyə bilərik. Mən belə düşünürəm.”
Onun dediklərinə görə, İran dövləti Urmiyə Gölünü Canlandırma Mərkəzinin layihələrinin gölü ekoloji səviyyəsinə çatdırmaq hədəfi ilə başlatdığını və bunun 2021-ci ildə təmin olunacağını açıqlamışdı.
“[Dövlət] gölün suyunun yavaş-yavaş çoxalmasını nəzərdə tuturdu. Bunun üçün belə bir makro plana gəldilər ki, təqribən 2 milyard kubmetr su haqqı gölün dörd dövrəsində olan çoxsaylı bəndlərdən verilsin. Bir milyard kubmetr isə mərkəzin inşa layihələrindən yəni, Zab Kanalı və təsfiyəxana (sutəmizləyici qurğu) kimi layihələrdən təmin olunsun ki, cəmi olur 3 milyard kubmetr. Belə bir planla məsələn 5-6 il içərisində göl ekoloji səviyyəsinə çatmış olacaq dedilər. Əvvəllər 1400 [hicri] ilini (2021) adres verdilər. Planlar yavaşladıqca 1401-ci il dedilər və sonra bu, 1402 və 1403 oldu. Bu oraya qədər gəldi ki, Ruhani hökümətinin ətraf mühit qurumunun başqanı İsa Kəlantəri vəzifə dönəminin son müsahibələrinin birində 1406-cı ili adres verdi. Yəni mərkəzin başarısız olması ilə müəyyənləşdirdiyi hədəflər də uzaqlaşırdı.”
Əngəllər
Musa Aşüftə İran hakimiyyətinin Azərbaycan bölgəsinə baxışı, layihələrə nəzarət edə bilən qeyri-hökümət qurumlarının olmaması, ətraf-mühiti mühafizə qurumunun kifayət qədər səlahiyyət sahibi olmaması və korrupsiya kimi amillərin Urmiyə gölünün canlandırma layihələrinin nəticəyə çatmasına əngəl olduğunu önə çəkir.
“Layihələrin nəticəyə çatmamasının səbəblərini sıralasam, İran kimi üçüncü dünya ölkələrində çevrə qurumu nazirliklər və digər dövlət qurumları qarşısında səlahiyyətsiz və zəifdir. Yəni, sözünü yeritməkdə çətinlik çəkir. Dövlətin ciddi iradəsinin olmaması da bu vəziyyəti pisləşdirir. Misal, enerji nazirliyi bəndlər və su qaynaqlarına nəzarət edir. Enerji nazirliyi bəndlərdən 2 milyard kubmetr su haqqı təmin etmək xüsusunda öz öhdəliyini yerinə yetirmədi. Yerinə yetirmədi çünki, gücü çatırdı. Bir də su mafiyası məsələsi var. Əlavə olaraq, yerli məsullar və millət vəkilləri strateji yolbirliyi ilə hərəkət etmədilər… Ayrılmış büdcələrin böyük bölümü verimsiz və faydasız işlərə xərcləndi və yolsuzluğa sərf oldu. Gölə ayrılan büdcələr böyük də sayılmaz. Məncə rəqəmlər bir qədər şişirdilir, bir qədəri də korrupsiya və yolsuzluğa getdi. Nəhayət bu səbəblərə görə canlandırma mərkəzinin çalışmalarında günü-gündən artıq axsama oldu. O qədər ki, son bir ildə durma nöqtəsinə gəldi,” mədəni fəal söyləyir.
Musa Aşüftə İbrahim Rəisinin vəzifəyə gəldiyi dönəmə diqqət çəkərək əlavə edir ki, “bir tərəfdən hökümət Urmiyə gölünü tamamən öz siyasətlərindən çıxardı. Bir tərəfdən də quruluq məsələsi və su böhranı, dünyada baş verən son savaşlar və qida böhranı ilə bərabər demək olar ki, Urmiyə gölü üçün görülən işlər və ayrılmış büdcələr dayandırıldı.”
“İran dövlətinin Azərbaycan üçün iqtisadi strategiyası əkinçilik əsaslıdır”
Musa Aşüftə bu əngəllərdən əlavə başqa təməl və köklü problemlərin də bu vəziyyətə səbəb olduğunu qeyd edir:
“Dövlətin və hökümətin Azərbaycan üçün iqtisadi strategiyası əkinçilik əsaslıdır. Hakimiyyət Azərbaycana yüksək sərmayə qoymaq istəmir. Demək olar ki, bir cür idarə etmək istəyir, oranı abadlaşdırmaq və gəlişdirmək istəmir. Bu, Urmiyə gölü mövzusunda ən böyük problemə çevrilir. Çünki ənənəvi əkinçilikdə ən çox su məsrəf olunur. Digər tərəfdən dövlətin Urmiyə gölünü canlandırması üçün nəzərdə aldıqları planlara nəzarət edə biləcək sivil toplum quruluşları və ya qeyri-hökümət təşkilatları zəifdir. Bunları bilərəkdən zəiflədənlər var hakimiyyətin öz tərəfindən. Bunu təhdid kimi görürlər. Ayrıca, yerli məsular və millət vəkilləri olduqca keyfiyyətsiz və iş bacarmayan şəxslərdən ibarət olur…”
“İnsanlarımızı tutub zindana atdılar”
O, keçən illərdən bəri Urmiyə gölü ilə bağlı etirazlar səbəbilə bir çox vətəndaş və milli fəalın həbs və mühakiməyə məruz qaldığına diqqət çəkir. “Bu əngəllər nəticəsində biz davamlı şəkildə və dönəm-dönəm etiraz etmək məcburiyyətində qalırıq. Bizim Urmiyə gölü üçün bu şəkildə etiraz etməyə ehtiyacımız olmamalı idi. Keçən dövr etirazlarda bizim insanları və fəalları tutub zindana atdılar. Onların göstərdiyi müqavimət nəticəsində, xalqımızın etirazı sayəsində dövlət geri oturub və Urmiyə gölünü canlandırma planlarını həyata keçirməyə başlamışdı. Amma bizim o insanlar yenə də zindanda idi.”
Konkret tələblər
Musa Aşüftə müsahibədə həmçinin Urmiyə gölü ilə əlaqədar təşkil olunan kampaniyalar və aksiyalarda ortaya qoyula biləcək konkret tələblər haqqında da öz düşüncələrini açıqlayıb.
Onun sözlərinə görə, “bir sıra təməl problemlər ilə əlaqədar tələblər ola bilər. Bir sıra da günümüz üçün qısamüddətli tələblər. Urmiyə gölü məsələsi sadəcə Urmiyə gölünün məsələsi deyil, İran hakimiyyətinin Azərbaycana baxışı məsələsidir. Azərbaycana görə iqtisadi baxışın islah olunması, Azərbaycanda mədəni toplumun çalışmasının daha rahatlaşması, Azərbaycanda yerli məsullar və millət vəkillərinin daha çox xalqın iradəsini əks etdirmələri və bölgənin mənfəətləri doğrultusunda təyin olunmaları [tələb edilməlidir]. Bunlar çox ciddi tələblərdir və sadəcə Urmiyə gölü məsələsi deyil. Bunları söyləm halına gətirmək lazimdir. Bunları davamlı danışmaq və istəmək lazimdir.”
Türk fəal hesab edir ki, birbaşa Urmiyə gölünün hazırkı vəziyyəti ilə əlaqədar “faydalı olan, ancaq yarımçıq buraxılan layihələrin” tamamlanması tələb edilməlidir:
“Urmiyə gölü üçün qısamüddətli tələblərə gəldikdə, ən vacib məsələlər Zab çayı kanalı layihəsinin bitməsi və Urmiyə gölünə hətta isti mövsümlərdə suyun gələ bilməsi; digər layihələrin o cümlədən təsfiyəxanaların (sutəmizləyici qurğular) işlərinin bitməsi; büdcələrinin təmin edilməsi; enerji nazirliyinin Urmiyə gölünün su haqqını nə olursa olsun verməli olduğunu tələb etmək. Bunları istəmək zəruridir. Beləcə Urmiyə gölü indiki vəziyyətindən bir qədər uzaqlaşıb və yaxşıya doğru gedə bilər. Ondan sonra əkinçilik sistemlərinin islah olunması və Azəerbaycanda başqa iqtisadi fəaliyyətlərin artması üçün zəmin hazırlanması kimi tələblərin ardını tutmaq olar. Əkinçilik ənənəvi olduğundan dolayı su məsrəfi olduqca çoxdur. Eyni zamanda bizim bölgənin iqtisadiyyatı əkinçiliyə bağlıdır. Bunun üçün bu su haqqını istəmək mövzusunda və bunun davamında, Azərbaycanda iqtisadi islahatın olmasını, əkinçilik sistemlərinin modernləşməsi və modern suvarma sistemlərinin təmin edilməsi və daha verimli, daha az su aparın məhsulların əkilməsi üçün şəraitin təmin edilməsini tələb etməliyik. Dövlət və Urmiyə Gölünü Canlandırma Mərkəzi bunun üçün də bir iş görmədi.”