MN: ‘Ermənistana məxsus PUA vurulub’
Bugün, iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri PUA vasitəsilə Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
MN bildirir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri həmin PUA-nı dərhal aşkarlayaraq vurub.
Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyindən münasibət bəlli deyil.
Bundan əvvəl isə Azərbaycan Müdafiə Nazirliyi iyulun 21-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus iki PUA-nın da vurulduğunu açıqlamışdı
Ondan da əvvəl Azərbaycanın işğal altındakı bölgəsində silahlı bölmələrin pilotsuz uçuş aparatı vurduqları bildirilmişdi. O vaxt bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yaymışdı.
Məlumatda qeyd olunurdu ki, ORBITER-3 pilotsuz uçuş aparatı (PUA) iyulun 18-i saat 06:38 radələrində kəşfiyyat uçuşu keçirərkən vurulub. Amma həmin məlumata Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı.
Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.
Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.
Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.