Milli fəal Hüccət Muxtarzadə Təbrizdə saxlanılıb
Milli fəal Hüccət Muxtarzadənin Təbriz İnqilab Məhkəməsinə müraciət etdiyi zaman nəzarət altına alınaraq Təbrizin mərkəzi həbsxanasına göndərildiyi bildirilir.
Hüccət Muxtarzadə 2019-cu ilin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə saxlanılıb və təqribən bir ay sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyinə istinadən, türk fəal bazar ertəsi günü həmin dosye ilə bağlı mühakimə edildiyi Təbriz İnqilab Məhkəməsinə müraciət etdiyi zaman saxlanılıb.
Muxtarzadə noyabr 2019 etirazları ilə əlaqədar “ümumi intizamı pozmaq”, “GAMAC adlı təşkilata üzv olmaq” və “yalan xəbər yayma” ittihamları ilə qarşılaşıb. “Ümumi intizamı pozmaq” ittihamı ilə əlaqədar mühakimə prosesi daha əvvəl ümumi məhkəmədə tamamlanıb. İnqilab Məhkəməsi isə digər ittihamlara baxır.
2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.
VOA