Milli fəal Şahin Bərzigər məhkəməyə çağırılıb
HRA xəbər agentliyinin məlumatına görə, cənab Şahin Bərzigər 30 gün ərzində məhkəməyə getməli və Təbriz Ümumi və İnqilab Prokurorluğunun şöbəsinə özünü təqdim etməli olduğu barədə məhkəmədən bildiriş alıb. Məhkəmə bildirişi Təbrizin Ümumi və İnqilab Məhkəməsinin hökmlərinin icrası üzrə 1-ci şöbəsi tərəfindən ona göndərilib.
Bundan əvvəl Təbriz Cinayət Məhkəməsi ona “kiber məkanda telekommunikasiya sistemləri vasitəsilə zorakılıq hərəkətlərinə təşviq etmək və təhrik etmək” ittihamı ilə 91 gün həbs və 4 milyon tümən cərimə kəsmişdi. Lakin məhkəmə onun 50 günlük həbs cəzasını 2 il müddətinə təxirə salıb.
İranda siyasi məhbuslarla bağlı xəbərlər dərc edən bu xəbər agentliyi Şahin Bərzigərin yaxınlarının dediyinə istinadən, cəriməni ödəmək üçün 30 günlük möhlət verildiyinə baxmayaraq, onun bank hesabının bağlandığını bildirib.
Bundan əlavə, o, həm də “rejimə qarşı təbliğat aparmaq”da ittiham olunsa da, məhkəmə bu ittihamdan fəala bəraət qazandırmışdı.
Təbrizdə yaşayan azərbaycanlı rəqs müəllimi olan Şahin Bərzigərə qarşı ittihamlar onun ötən il iyulun 22-də həbsi ilə əlaqədardır. O, girov müqabilində azadlığa buraxılana qədər təxminən 3 həftə təhlükəsizlik qüvvələrinin təcridxanasında, sonra isə Təbrizin mərkəzi həbsxanasında saxlanılmışdı.
Ötən il iyulun 24-də Təbrizdə Xuzistan vilayətinin ərəb icmasının etirazlarına dəstək məqsədi ilə etiraz mitinqi keçirilib və İran Azərbaycanının müxtəlif şəhərlərində, o cümlədən Təbrizdə bir çox milli fəal həbs edilərək mühakimə olunmuşdu.
Azərbaycanlı sənətçi, rəqs müəllimi və güneyli milli fəal mülki və dinc fəaliyyətinə görə dəfələrlə İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və məhkəmələrdə mühakimə olunub.