Milli fəal Rza Seyyid Nuri İranı dini liderini aşağılamaq ittihamı ilə mühakimə edilir
Azərbaycanının Muğan bölgəsində siyasi fəal Rza Seyyid Nuri Qarabağa dəstək aksiyaları ilə əlaqədar İranın sabiq və hazırkı dini liderini aşağılamaq və rejimə qarşı təbliğat ittihamları ilə mühakimə edilir.
Türk fəal keçən ilin oktyabr ayının 18-də Ərdəbil vilayətinin Muğan bölgəsində nəzarət altına alınıb, bir gün sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Seyyid Nuri keçən bazar günü Ərdəbil vilayəti Parsabad şəhərinin Cəza Məhkəməsinə çağırılmışdı. Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsinə istinadən, ona qarşı “nizama qarşı təbliğat”, “İslam Respublikasının banisini (Ruhullah Xomeyni) aşağılamaq” və “dini lideri (Seyyid Əli Xameneyi) aşağılamaq” ittihamları irəli sürülüb.
İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin məlumatına görə, bazar günü məhkəməyə müraciət edən fəala dosyesinin İnqilab Məhkəməsinə göndərildiyi bildirilib.
“Hakim Murtaza Cəlilifərd Cəza Məhkəməsinin sözügedən ittihamlara baxmaq səlahiyyətinə sahib olmadığını qeyd edərək, işin İnqilab Məhkəməsinə göndərildiyini bildirib,” agentlik dərc edib.
Hüquq müdafiəçiləri keçən sentyabr ayının 29-dan sonra İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə təşkil olunan Qarabağa dəstək mitinqlərində üç həftə ərzində yüzlərlə vətəndaşın nəzarət altına alındığını bildirirlər. Tutulanlar yüksək məbləğdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılsalar da, onların məhkəmə prosesi davam edir.