Milli fəal Ruzbeh Piri həbsxanaya köçürülüb
Keçən il İranda kütləvi etirazlar zamanı saxlanılan azərbaycanlı fəal Ruzbeh Piri Təbriz həbsxanasına köçürülüb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Ruzbeh Piri iyunun 25-də Apellyasiya Məhkəməsinin 3 aylıq həbs cəzasının tətbiqi üçün saxlanılaraq Təbriz həbsxanasına köçürülüb.
O, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən daha əvvəl “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə suçlanaraq 10 ay həbsə məhkum edilsə də, daha sonra Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi həbs cəzasını 91 günə endirmişdi.
Ruzbeh Piri və qardaşı Yaşar Piri keçən ilin noyabr ayında İranda benzinin qiymətinin artmasına qarşı keçirilən kütləvi etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərik 26 gün İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumunun nəzarəti altında saxlandıqdan sonra Təbriz Həbsxanasına köçürülüb və nəhayət 2020-ci il fevralın 5-də girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
İranda benzinin qiymətinin dövlət tərəfindən birdən 3 dəfə artırılması qərarı ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.VOA