Milli fəal Həmid Cabbarlı müvəqqəti olaraq sərbəst buraxılıb
İranın paytaxtı Tehranda Qarabağa dəstək mitinqi zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal Həmid Cabbarlı müvəqqəti olaraq sərbəst buraxılıb.
ABŞ-da yaşayan qardaşı Ramin Cabbarlı Həmid Cabbarlının müvəqqəti olaraq sərbəst buraxıldığını öz Twitter səhifəsində bildirib. Ramin Cabbarlı qardaşının 11 gün Tehranın Evin həbsxanasında təhlükəsizlik qüvvələrinin nəzarətində sorğu-sual edildikdən sonra iyulun 27-də zəmanət qarşılığında sərbəst buraxıldığını bildirib.
“Azad ruhlu bir çox güneyli fəal hələ də məhbusdur. Onların səsi olaq. Birgə olsaq repressiyanın susdura biləcək gücü qalmaz” – deyə, Ramin Cabbarlı əlavə edib.
Həmid Cabbarlı iyulun 16-da Qarabağa dəstək mitinqlərində Tehranda Ermənistan səfirliyinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, Evin həbsxanasına göndərilmişdi.
Müvəqqəti olaraq sərbəst buraxılan milli fəala qarşı irəli sürülən ittihamlar barəsində məlumat verilməyib.
İyulun 16-də saxlanılan fəalların bəzisi sərbəst buraxılsa da, saxlanılan fəallardan 5-i hələ də həbsdədir.
Azərbaycan ordusuna və Qarabağa dəstək mitinqlərində həbs edilən Rəhim və Sədullah Sasaniyanın ailələrinin verdiyi məlumata görə, iki fəal iyulun 22 – 23-də təkrar Təbriz Ettelaat İdarəsinin həbsxanasına köçürülüblər.
Bu xəbəri Təbriz həbsxanasının məhbuslarından biri fəalların ailələsinə bildirib.
Mitinq zamanı Təbrizdə saxlanılan milli fəallar Yasəmin Zəfəri, Həkimə Əhmədi və Məqsud Fəzli hal-hazırda Təbriz Mərkəzi həbsxanasında saxlanırlar.
İran Azərbaycanında milli fəallar Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan sonra Bakıda keçirilən yürüşlərə dəstək məqsədi ilə Təbrizdə Azərbaycan Respublikası Konsulluğu, Tehranda Ermənistan Respublikası səfirliyinin qarşısında və Urmiyə, Ərdəbil və digər şəhərlərin əsas meydanları və küçələrində mitinq keçirməyə çağırış etmişdilər.VOA