Mill fəal Cəfər Rüstəmi-rad yenidən məzuniyyətə buraxılıb
Təqribən bir həftə əvvəl məzuniyyət müddəti bitdikdən sonra Tehranın Evin həbsxanasına qaytarılan türk fəal Cəfər Rüstəmi-rad koronavirus pandemiyasına qarşı tədbirlər çərçivəsində avqustun 25-də yenidən məzuniyyətə göndərilib.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, Rüstəmi-radın 13 aylıq həbs müddəti təqribən bir ay sonra başa çatacaq.
Son vaxtlar İran həbsxanalarında Covid-19 virusunun yayılması ilə bağlı narahatlıqlar artıb. Bəzi həbsxanalarda siyasi məhbuslar bu istiqamətdə lazımi tədbirlərin görülməməsinə etiraz bildirmək üçün oturaq aksiya keçiriblər.
Keçən bir neçə ay ərzində ümumiyyətlə həbs müddəti yaxında başa çatacaq olan məhbuslara məzuniyyət haqqı verilib.
Ağır həbs cəzalarına məhkum olmuş fəallar isə bu haqdan məhrum edilirlər. Tehran və İran Azərbaycanının müxtəlif həbsxanalarında saxlanılan bir çox türk fəal, o cümlədən Abbas Lisani, Lətif Həsəni, Tovhid Əmir-Əmini, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafiyə COVID -19 pandemiyasına qarşı tədbirlər çərçivəsində məzuniyyət haqqı verilməməkdədir.
Keçən günlərdə Amerikanın Səsinə müsahibə verən hüquq müdafiəçisi Jalə Təbrizli İranda siyasi məhbusların saxlanma şəraitinin pisləşdiyini vurğulamışdı. O, deyib ki, “həbsxanaların şəraiti pisdir. Sağlamlıq və gigiyena problemləri var. Yemək və qidalanma problemləri.
VOA