Mehdi Nəimi: Urmiyə gölünü canlandırma vədi də ana dilində təhsil vədi kimi səs toplamaq üçün idi
İranın rəsmi dövlət agentliyi İRNA bu günə qədər Urmiyə gölünü canlandırma layihələri üçün 15 min milyard tümən büdcə ayrıldığını yazıb. İran Azərbaycanında bəzi yerli siyasətçilər və millət vəkilləri Urmiyə gölü adına ayrılan büdcənin necə xərcləndiyinin məlum olmadığını deyirlər.
Amerikanın Səsinə danışan milli fəal və iqtisadçı Mehdi Nəimi deyir ki, İran İslam Respublikasında rəsmi sənədlərdə müəyyən layihələr üçün ayrılan büdcələrin başqa fəaliyyətlər üçün xərclənilməsi mümkündür.
İqtisadçı İran İslam Respublikasının qurumlarının açıqladığı statistik məlumata etibar edilmədiyini vurğulayır.
“İranda demək olar ki, rəqəmlər və statistik məlumatlara rahat-rahat dayanmaq olmaz, bunlara istinad etmək olmaz. Büdcə mövzularında səhvlər o qədər təkrarlanıb ki, artıq insanlara təəccüblü gəlmir. İndi bu dəqiqə İranın mərkəzi bankının müəyyən dönəmlər üçün verdiyi rəqəmlər statistika mərkəzinin eyni dönəmlər üçün verdiyi rəqəmlər ilə fərqli çıxır. Soruşanda deyirlər bizim təriflərimiz fərqlidir,” o söyləyir.
Nəimi rəsmi olaraq Urmiyə gölü adına açıqlanan maliyyə vəsaitinin başqa fəaliyyətlər üçün xərclənə bilməsi ehtimalını istisna etmədiyini bildirib.
“Misal üçün, Urmiyə gölü adına alıb aparıb Suriyada, İraqda, Əfqanıstanda xərcləyərlər. Yəni, pulun rəsmi sənədlərlə sistemdən çıxarmağa ehtiyac olduğu zaman, büdcəni başqa layihələr adına ayıra bilirlər. Bu, təəssüf ki, İranın iqtisadi sistemində geniş şəkildə həyata keçirilən bir şeydir,” o deyib.
Mehdi Nəimi keçən təqribən 10 ildə Urmiyə gölünü canlandırmaq üçün açıqlanan layihələrin əsasən siyasi vədlərdən ibarət olduğunu önə çəkir.
Onun sözlərinə görə, “necə ki, Güney Azərbaycanda bu ana dili məsələsi ortaya qoyulduqdan sonra kimiləri özlərinə səs toplamaq üçün onu səsləndirirdilər, gördülər ki, türklərin tələblərində ana dilinin yanında bu Urmiyə gölü də vardır. Odur ki, oradan da özlərinə bir pay götürmək istədilər. Yəni, səs toplamaq üçün bu məsələrlərdən faydalanırlar amma millətə heç bir faydası olmur. O cümlədən, prezident Ruhani [seçki kampaniyasında] bunlardan faydalandı.”
Son günlərdə İran Azərbaycanında ətraf mühit fəalları beynəlxalq ictimaiyyətin və İran rəsmilərinin diqqətini Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə bir daha yönəltmək səyləri çərçivəsində sosial mediada kampaniya aparıb. Ətraf mühit fəalları və milli mədəni fəallar İran Azərbaycanının bir neçə şəhərində gölün qurumasının qarşısının alınması üçün kifayət qədər tədbir görülməməsinə etiraz edərək aksiyalar keçiriblər. Bəzi milli fəallar İranın keçmiş prezidenti Həsən Ruhani dövründə yaradılmış “Urmiyə gölünün canlandırılması mərkəzi”nin fəaliyyətinin yetərli olmadığı və nəticə vermədiyini bildirir.