MEAZERI Əfşar Muhib aclıq aksiyasına son qoyub
Ərdəbil həbsxanasında həbs olan Azərbaycanlı mədəni fəal Əfşar Muhib dünən, 5 yanvar 2022-də aclıq aksiyasının 4-cü günündə aksiyasına son qoyub.
Əfşar Muhib ailəsi ilə qısa telefon danışığı zamanı həbsxana rəhbərliyinin onun girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılması üçün əlaqədar qurumlara lazimi yazışmaların aparıldığını bildirib.
Xatırlatmaq gərəkir ki, cənab Muhibin ailəsi bir neçə dəfə onun girov qarşılığında buraxılması üçün müraciət edib ancaq Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinin müstəntiqi girov qərarını qəbul etməkdən imtina edib.
Ərdəbildə yaşayan mədəni fəal Əfşar Muhib 22 Dekabr 2021-ci il çərşənbə günü Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsinə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu mədəni fəal 22 Dekabr axşam saatlarında ailəsi ilə qısa telefon danışığında həbs olunduqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürüldüyünü və dərc etdirdiyi yazı və məqalələrin məhkəmə tərəfindən suç sayıldığını bildirib.
Bundan öncə Ərdəbil İnqilab Məhkəməsinin 3-cü şöbəsi bir bildirişdə, Əfşar Muhibi “İran İslam Respublikasına qarşı təbliğat və hökumətə qarşı olan müxalif qrup və təşkilatların xeyrinə təbliğat fəaliyyətləri” ittihamını müdafiə etmək üçün çağrılmışdı.
Əfşar Muhib Ərdəbildə yaşayan mədəni fəaldır. O, son illərdə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və saxlanılıb. Sonuncu halda bu mədəni fəal 2020-ci il fevralın 25-də iş yerindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Ərdəbil Kəşfiyyat İdarəsində dindirilib.