Məzuniyyətə çıxan türk dil haqları fəalları Tehran həbsxanasına qaytarılıb
Dil hüquqları uğrunda fəaliyyətləri səbəbilə məhkum olduqları həbs cəzasını çəkməkdə olan türk fəallar Həmid Mənafi, Behnam Şeyxi və Kiyanuş Aslani təqribən 20 gün məzuniyyətdən sonra Tehranın Evin həbsxanasına göndəriliblər.
Mənafi, Şeyxi və Aslani müvafiq olaraq mart ayının 16, 17 və 18-də məzuniyyətə çıxmışdılar. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, Mənafi bazar ertəsi günü, Şeyxi şənbə, Aslani isə çərşənbə axşamı günü həbsxanaya qayıdıb.
2020-ci ilin iyul ayından bəri Evin həbsxanasında saxlanılan Həmid Mənafi və Behnam Şeyxi 2 illik həbs cəzasını çəkdikdən sonra ölkənin türk əhalisi olmayan bölgələrində daha 2 il sürgün cəzası çəkəcəklər. Onlar 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Günü ilə əlaqədar bir tədbirə qatıldıqları üçün həbs və sürgün cəzasına məhkum ediliblər. Hazırda Evin həbsxanasında saxlanılan digər siyasi məhbus Əlirza Fərşi də onlarla birlikdə 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Kiyanuş Aslanı hazırda Tehranın Evin həbsxanasında saxlanılan digər milli fəal Tovhid Əmir-Əmini ilə birlikdə 21 fevral 2019-da Dünya Ana Dili Günü ilə əlaqədar Tehranda nəzarət altına alınmışdı. Əmir-Əmini 7 il 6 ay, Aslani isə 5 il həbsə məhkum olunmuşdu. Kiyanuş Aslaniyə qarşı əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlük və ictimai fəaliyyətdən məhrumiyyət cəzası verilib.
Hüquq müdafiəçiləri bu günlərdə Tehranın Evin həbsxanasında pandemiya şəraitinin yaxşı olmadığı, məhbusların sağlamlığının təhlükə altında olduğuna dair məlumat yayırlar.
VOA