Məhəmməd Cavad Zərif: İran-Rusiya əlaqələri strateji xarakter daşıyır
Türkiyə səfərini başa vuraraq Rusiyaya yola düşən İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Moskvada həmkarı Sergey Lavrovla görüşüb.
KİV nümayəndələrinin suallarını cavablandıran M.C.Zərif Rusiya ilə İranın münasibətlərinin strateji xarakter daşıdığını bildirib.
“Dünyada cərəyan edən proseslər rəsmi Tehran ilə Moskva arasındakı əlaqələrin daha sıx olmasını tələb edir. Tərəflər Suriya və Liviya problemləri ilə əlaqədar olaraq ortaq mövqedən çıxış edirlər”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, rusiyalı həmkarı ilə görüşdə koronavirus pandemiyasından əlavə, regional təhlükəsizlik məsələləri və ikitərəfli iqtisadi əməkdaşlıq əlaqələrinin perspektivləri də müzakirə edilib.
M.C.Zərif nəzərə çatdırıb ki, “Astana prosesi” davam edəcək və İran, Rusiya və Türkiyə Xarici İşlər nazirlərinin Suriya probleminin həlli ilə bağlı növbəti Zirvə görüşü Tehranda keçiriləcək. Azərtac